Britaniya alimləri: xərçəng müalicə edilə bilər

Britaniya alimləri: xərçəng müalicə edilə bilər

Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.
 
Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.
 
İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.
 
İnstitutun rəhbəri Paul Workman deyib ki, xərcənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olmaları və dərmanlara qarşı müqaviməti artırmalarıdır.
 
Onun sözlərinə görə, yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq.
 
Hazırda QİÇS virusu ilə mübarizə də bu mərhələdədir.
 
Araşdırmaçılar deyirlər ki, onkoloji xəstəliklərlə mübarizənin müasir metodları, məsələn, kimyaterapiya bəzən müsbət nəticə vermir, xərçəng hüceyrələri sağ qalır, adaptasiya olunur və xəstəlik yenidən qayıdır.
 
"Xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir" - professor Workman belə deyir.
 
Onun sözlərinə görə, İCR xərçəngin müalicəsinə radikal dərəcədə yeni yanaşma hazırlayır, bu yanaşma xərçəng hüceyrələrinin təkamül prosesini əvvəldən təxmin etməyə hesablanıb. Araşdırmaçıların hədəfi hüceyrələrdə preparatlara qarşı müqavimətin formalaşmasına mane olmaqdır.
 
İnstitut bu araşdırma üçün 300-dək araşdırmaçını işə cəlb etmək istəyir. /bbc /
 
 

Google+ WhatsApp ok.ru