Britaniya parlamentinə hücum: bir nəfər ölüb, yaralılar var - VIDEO

Britaniya parlamentinə hücum: bir nəfər ölüb, yaralılar var - VIDEO

Britaniya parlamentinin icmalar palatasının lideri David Lidington parlamentin həyətində polis zabitinin bıçaqlandığını deyib. Yaxındakı Westminster körpüsündə bir maşın bir neçə insanı vurub. Polis hadisəni terror insidenti elan edib.
 
O, həmçinin polisə hücum edən şəxsin "polis tərəfindən vurulduğunu" bildirib.
 
St Thomas xəstəxanasından bir həkim bir qadının hücumdan sonra öldüyünü və bir neçə nəfərin yaralandığını bildirib.
 
Həkim bəzi yaralıların "faciəvi" xəsarətlər aldıqlarını deyib.
 
Hazırda Westminster Palace (parlament) bağlanıb. Parlament binasının üzərində helikopterlər uçusur və ətrafdakı polis maşınlarının siqnalları eşidilir.
Şahidlər yaralılara tibbi yardımın göstərildiyini və parlamentin həyətində biçaqlı bir şəxsi gördüklərini deyiblər.
 
Parlament işçilərinə içəridə qalmalarına əmr verildiyi bildirilir. BBC-nin müxbiri Laura Kuenssberg bildirir ki, polis ona kiminsə silahlı atəşlə vurulduğunu bildirib.
O, millət vəkillərinin ona "üç-dörd atəş səsi" eşitdiklərini dediyini bildirir.
 
The Independent qəzetinin siyasi redaktoru Tom Peck Twitter-də yazıb: "Böyük partlayış səsi qəldi. Qışqırıqlar. Səs küy. Sonra isə atəş səsi. Hər yerdə silahlı polislər var".
Baş nazir Theresa May salamatdır və hadisə baş verən zaman onun gümüşü Jaguar maşınına minərək hadisə yerindən uzaqlaşdığı görülüb.
 
Adamları "vurub getdi"
 
Bir şahid - Harvard-ın Avropa Tədqiqatları Mərkəzində işləyən akademik Radoslaw Sikorski Twitter-də Westminster Körpüsündə yaralı insanların yerə sərildiyi göstərən video paylaşıb.
 
O yazıb: "İndicə bir maşın Westminster Köpüsündə 5 nəfəri vurub getdi".
 
BBC aparıcısı Andrew Neil, ona daxil olan məlumata görə, Westminster körpüsündə insanları vuran maşının sonra parlament binasını əhatə edən barmaqlıqlara çarpdığını deyib.
 
Digər şahidlər maşının boz rəngli Hyundai markalı avtomobil olduğunu bildiriblər.
 
Polis körpüyə yaralılar barədə məlumat daxil odluqdan sonra silahlı insidentə cəlb edildiyini bildirir.
 
Westminster metro stansiyası və parlamentə gedən yollar polisin göstərişilə bağlanıb.
 
Cənab Lidington bildirib: "Hava ambulansı hazırda hadisə yerində yaralıları çıxarmağa çalışır".
Polisin bəyanatı
 
İnsanlara Westminster yaxınlığından uzaqda qalmaq tövsiyə edilir.
 
Polisin yaydığı bəyanatda bildirilir: "Polis insanlara bu ərazilərdən uzaq qalmalarını tövsiyə edir: Parlament Meydanı (Parliament Square); Whitehall; Westminster Körpüsü (Westminster Bridge); Lambeth Körpüsü (Lambeth Bridge); Victoria küçəsinin Broadway qovşağına qədər və Victoria Embankment-dən Embankment metrosuna qədər.
"Bu təcili yardım xidmətlərinə hazırki insidentlə məşğul olmağa imkan verməyə yönələn addımdır".
"Silahlı zabitlər də daxil olmaqla polis zabitləri hadisə yerindədirlər və bizə başqa məlumat daxil olanacan bu hadisəni terror insidenti kimi qiymətləndiririk. İctimaiyyətə köməyi üçün minnətdarlığımızı bildiririk", polis deyib.
 

 

Google+ WhatsApp ok.ru