Britaniya parlamentindən İsrail rejiminə zərbə: Fələstinin dövlət kimi tanınması səsverməyə çıxarılır

Britaniya parlamenti Fələstin dövlətinin Birləşmiş Krallıq tərəfindən rəsmən tanınması üçün hökumətə müraciət qərarını qəbul etməyə hazırlaşır.
 
Maide.az-ın məlumatına görə, ölkə siyasətçilərini iki cəbhəyə ayırmış bu incə məsələ barədə parlament təşəbbüsünün qəbul ediləcəyi indi çox az şübhə doğurur, çünki ölkənin əsas müxalifət partiyası olan leyboristlərin lideri Ed Miliband parlamentdəki partiyadaşlarını qərarı dəstəkləməyə çağırıb.
 
Bazar ertəsi parlamentdə müzakirə olunacaq xüsusi qətnamə hakim koalisiyaya daxil liberal demokratların da əksəriyyəti tərəfindən dəstəklənir və hakim Mühafizəkarkar Partiyası öz millət vəkillərinə istədikləri kimi səs vermək sərbəstliyi tanıyıb.
 
Siyasi təhlilçilər bildirirlər ki, Fələstinin  birtərəfli qaydada tanınmasına dair parlament qətnaməsi hökumət üçün icbari olmasa da, onun uzaqgedən beynəlxalq nətəcələrə səbəb olacağı gözlənilir.
 
Ötən həftə İsveç Fələstin dövlətini rəsmən tanımaq niyyətində olduğunu elan edən ilk Avropa İttifaqı ölkəsi olub.
 
Bu bəyanatla bağlı İsveçin İsraildəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub.
 
Bəzi xəbərlərə görə, İsrail rejiminin hökumət kabineti birbaşa lobbiçilik edərək Britaniya leyboristlərinin qətnamə əleyhinə səs vermələrinə çalışır. İsraili daha çox narahat edən budur ki, leyboristlər hakimiyyətə gəldikləri təqdirdə İsveçdən nümunə götürərək Fələstini rəsmən tanıya bilərlər.
 
Yerusəlimdə Britaniyanın baş konsulu olmuş iki şəxs də daxil olmaqla bir qrup pensiyada olan diplomat “The İndependent” qəzetinə yazdığı açıq məktubda parlamenti qətnamə təşəbbüsünü dəstəkləməyə çağırıb.
 
Onlar bu qətnamənin qəbulunu hökumətin tarixi addım atmasına yardım edəcək fürsət kimi qiymətləndirirlər.
 
Təşəbbüsün müəllifi, leyborist millət vəkili Grahame Morris deyib ki, Fələstinin dövlət kimi tanınması çoxdan bəridir dalanda olan sülh prosesinə yeni nəfəs verə bilər.

Google+ WhatsApp ok.ru