BTE-nin kobudluğu: “Mən formanı belə satıram, xoşun gəlmir alma!”

BTE-nin kobudluğu: “Mən formanı belə satıram, xoşun gəlmir alma!”

 
Azərbaycanda orta ümumtəhsil məktəblərində dərslərin başlanmasına 10 gün qalır. Məktəblilər həyəcanla 15 sentyabrı gözləyir. Valideynlər isə həm həyəcanlı, həm də qayğılıdır...
 
Onlar məktəb ləvazimatları, məktəbli formaları almaq üçün bazara, Bakı Tikiş Evinə (BTE) üz tuturlar.
 
Elə mən də valideyn olaraq iki övladıma məktəbli dəsti almaq üçün BTE-nin Sabunçu rayonunda yerləşən mağazasına yollandım.
 
Məndən əvvəlki valideynin bir dəst üçün 50 manat ödəyərək mağazadan çıxması diqqətimi cəlb etdi. Qiymətlə maraqlananda ibtidai sinif şagirdləri üçün bir dəstin qiymətinin 50 manat olduğunu bildirdilər.
 
Mən isə öz növbəmdə məktəbli formalarının qiymətinin ibtidai siniflər üçün 37 manat, yuxarı siniflər üçün 46 manat olduğunu xatırlatdım.
 
Satıcı “onu kim deyir, ay xanım?! 37 manata forma var?! Mən belə satıram, xoşundur al, xoşun deyil alma. Get harada ucuz satırlar ordan al” deyərək kobud davranış nümayiş etdirdi.
 
Qeyd edim ki, özünü qoçu kimi aparan satıcı hansısa ölçünün pencəyinin, yubkasının, yaxud şalvarının tək satılmadığını bildirdi. Ayrıca 7 manata satılan köynək və jiletin isə bizə lazım olan ölçüləri yox idi.
 
 
BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məktəbli dəstinə köynək və jiletin daxil edilmədiyini, yalnız şalvar və pencəyin (oğlanlar üçün) , yaxud yubka və pencəyin (qızlar üçün) qiymətinin 37 manat olduğunu bildirdi.
 
Düzü bu açıqlamayadək məktəbli forması deyəndə ora köynək, jilet və qalstukun daxil edilmədiyini bilmirdim. Çünki, 2 il əvvəl 35 manata aldığım məktəbli formasının içində köynək, jilet, pencək, yubka da var idi. Yəqin zəmanədəndir ki, indi məktəbli formasının da “devalvasiya”ya uğradığının şahidi oluruq.
 
Qeyd etmək istədiyim odur ki, bu gün BTE-nin satış mağazalarında və BTE-nin məhsulları satılan mağazalarda sözün əsl mənasında valideynlərin qanını sorurlar. “İşbazlar” kefi istəyən qiyməti “oxuyur”. Kimisi məktəbli dəstini 39 manata, kimisi 40 manata, kimisi 50 manata satır.
 
Ağ köynəklərin qiyməti 10-18 manat, jiletlər 9-12 manat, qalstuklar 2-3 manat arasında dəyişir. Bütün satıcıların da ağzından bir avaz gəlir: “təmiz türk malıdır”.
 
Ayrıca pencək 25 manatdan, yubka isə 12 manatdan başalyır. Qızlar üçün köynəklərin qiyməti 10-17 manat arasında dəyişir. BTE-nin 7 manata satdığı keyfiyyətsiz köynəklərinin isə eyni ölçüsünün ya qolu uzundur, boğazı dar, ya da əksinə...
 
Əlqərəz əgər övladınız ibtidai sinfə gedəcəksə, onun məktəbli dəstinin tamamlanması üçün (37 manat forma, 15 manat köynək, 10 manat jilet, 3 manata qalstuk) ən azı 64 manat lazım olacaq. Yəni BTE-nin 37 manat açıqlamasına uyub xərclərinizi ona görə hesablamayın.
 
Bütün bunları görəndən sonra düşünürəm ki, ölkəmizdə illərdir övladının məktəbli olacağı günü gözləyib, həvəsi boğazında qalan valideynin halı acınacaqlıdır. İndi isə halına acınacaq saysız-hesabsız valideyn var... (modern.az) /

Google+ WhatsApp ok.ru