Bütün şeylər də nəfsin üstündə qurulub

Rafiq Əliyev: “Ramazan ayının millətin sosial yenidən kodlaşmasına çox böyük tövhəsi var”

Bu yaxınlarda Ziyalılar Forumu Azərbaycanda korrupsiya mövzusunda müzakirələr apardı. Dünyada tanınmış alim, professor Rafiq Əliyev öz çıxışında diqqət çəkən bir nöqtəyə toxundu. Dəyərli alim bildirdi ki, cəmiyyəti sosial yenidən kodlaşdırmağa ehtiyac var. Bizim əlimizdən dəyərlərimizi alıblar, həmin dəyərləri geri qaytarmaq lazımdır.
 
Mövzunun əhəmiyyətini nəzərə alaraq, Deyerler.Org həm sosial yenidən kodlaşma ilə bağlı Rafiq Əliyevlə söhbət aparmışdı. 
 
Məlum olduğu kimi artıq Ramazan ayı daxil olub. Ramazan ayı xalqımızın əlində olan ən ümdə dəyərlərdəndir. Bütün bunları nəzərə alıb görkəmli ziyalımız Rafiq Əliyevə "Ramazan ayının Azərbaycan xalqının sosial yenidən kodlaşmasında çox böyük rolu ola bilərmi?" sualını ünvanladıq, professorun cavabı belə oldu: “Ramazan ayının Azərbaycan xalqının sosial yenidən kodlaşmasında çox böyük rolu ola bilər. İdeallar dəyərlərdir. O dəyərlər içərisində də mənim üçün ən dominantı Allaha yaxın olmaqdır. İstənilən addımı atanda Allahı görməkdir. Bu baxımdan bu mübarək ayın çox böyük təsiri var ki, insanlar bunu düzgün başa düşsünlər. Çünki bu ay bizi Allaha daha da yaxınlaşdırır. Bu baxımdan bu ayın yenidən kodlaşdırmaya, millətin yeniləşməsinə, ədalətinə, namuslu olmasına, nəfsini idarə edə bilməsinə çox böyük tövhəsi var. Daha bundan böyük nə ola bilər ki, nəfsin idarə olunmasına ən böyük kömək edən bir aydır. Qalan bütün şeylər də nəfsin üstündə qurulub”.   

Google+ WhatsApp ok.ru