`Bu ilahiyyatçılar zindana yox, hörmətə layiqdir`

`Bu ilahiyyatçılar zindana yox, hörmətə layiqdir`

`Belə hallara cəmiyyət olaraq, hər kəs öz qəti etirazını bildirməli və bunu heç nədən və heç kimdən çəkinmədən etməlidir.`

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın koordinasiya mərkəzinin üzvü, tanınmış kinodramaturq Eldəniz Quliyev ilahiyyatçı alim Şeyx Sərdarın həbsinə etiraz edib: 
 
"Hacı Sərdar Babayevin həbsi şübhəsiz ki, hakimiyyətin son vaxtlar daha geniş vüsət alan repressiv addımlarının tərkib hissəsidir. Bu sifarişli həbs ölkəyə başucalığı gətirmir. İnsanların, ilk növbədə inanc sahiblərinin dini etiqad azadlığının pozulması kimi dəyərləndirilməlidir. O ki, qaldı sifarişçinin rayon icra hakimiyyətinin başçısı olmağına...
 
Məncə, biz o qədər də sadəlövh olmamalıyıq. Belə ciddi məsələlər daha yuxarı instansiyalarda həll olunur. Ümumiyyətlə dindar təbəqəyə qarşı bu sayaq qərəzli münasibət sərgilənməsi yolverilməz, qeyri-humanist, ədalətsiz və qeyri-qanuni bir aktdır.
 
Belə hallara cəmiyyət olaraq, hər kəs öz qəti etirazını bildirməli və bunu heç nədən və heç kimdən çəkinmədən etməlidir. Şeyx Sərdar kimi milli-mənəvi dəyərləri, əxlaqi və dini keyfiyyətləri təbliğ edən mütərəqqi düşüncəli ilahiyyatçılar zindana yox, hörmətə layiqdir. Bu həbs leksikonumuza yeni bir deyim - "Namaz məhbusu" sözbirləşməsini gətirməsi ilə yanaşı, rəsmi Bakının multikultural dəyərlərin qorunması və tolerantlıq haqqında verdiyi bəyanatlara da kölgə salır"
 
Bu il fevralın 22-si Masallı rayon Məhkəməsi S.Babayev barəsində 1 ay 7 gün müddətinə həbs-qətimkan tədbiri seçib. Sonra onun barəsində Cinayət Məcəlləsinin 168-1.3 maddəsi ilə (Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) cinayət işi başlanıb və o, həbs edilib. 
 
Müdafiə tərəfi bildirir ki, S.Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.
 
Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə bu ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.
 
İlahiyyatçının müdafiəçiləri məhkəmə prosesi ölkədaxilində yekunlaşdıqdan sonra Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib. (rakurs.tv)

Google+ WhatsApp ok.ru