Bu qış istilik olacaqmı?

Bu qış istilik olacaqmı?

“Novoye Vremya” qəzetində “Qapalı dairə” sərlövhəli yazı diqqəti cəlb edir.
 
Yazıda bildirilir ki, paytaxtda hər il “Azəristilik təchizat” ASC-nin başqa müəssisələrə borcu üzündən istilik sahəsində problemlər yaşanır.
 
Müəllif bu sahədə narahatlığın bu il də davam etdiyini bildirir:
 
“Keçən il qış mövsümünə yaxın qaz idarələri bu quruma borc hesabları təqdim etdilər. Qaza görə borc ödənilməyincə qazanxanalara qaz verilməyəcəyini bildirdilər. Yalnız mərkəzi orqanların müdaxiləsindən sonra Bakının bəzi rayonlarında yaranan problem həllini tapdı”.
 
Müəllif xatırladır ki, həmin tipli bəyanatlar bu günlərdə yenidən səslənib. Hətta, “Azəristilik təchizat” ASC-yə maliyyə sanksiyası tətbiq ediləcəyi ilə bağlı söz-söhbətlər yayılıb.
 
Müəllif yazır ki, idarələrin qarşılıqlı borc məsələsi uzanacaq, həllini tapmayacaq, “qapalı dairə” yaranacaq. Nəticədə isə noyabrın 15-də “istilik mövsümü” başladıqda bundan vətəndaşlar əziyyət çəkəcəklər.
 
Yazıda bildirilir ki, hələ rəsmi qış mövsümü başlamayıb. Amma xətlərdə qazın təzyiqi kəskin aşağı düşüb.
 
Müəllif hesab edir ki, belə bir durumda Avropa enerji bazarına inteqrasiyadan danışmaq yersiz görünür:
 
“Bəlkə, əvvəlcə yerli istehlakçıları qaz, işıq, istiliklə təmin edək, daha sonra bu məsələ haqqında düşünək. Hələ, ölkədə bütün kənd və ya qəsəbələr qazlaşdırılmayıb. Heç də hər yerdə elektrik verilməsi 100 faiz təmin edilmir. Amma bu halda məmurlar Avropa bazarı barədə düşünürlər”.
 
Müəllifin fikrincə belə bir durumun yaranmasında əhalini günahlandırmaq yersizdir. Çünki ödənişlər kart sistemilə icra edilir:
 
“Bu qurumların hesablarına daxil olan vəsaitlər hara yoxa çıxırsa, bu məlum deyil. Onlar bir-birinə borclu olsa da əziyyəti sadə əhali çəkir . Milyonlara vəsait ayrılsa da səmərəli fəaliyyət yoxdur, məmurlar isə həmişə xalqın cibinə girməyə hazırdırlar”.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru