Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?
 
Əmək Məcəlləsi yalnız 15 yaşa çatmayan adamların işə götürülməsini yasaqlayır.
 
Gülnar Məmmədovanın 40 yaşı var. İxtisasca ingilis dili müəllimidir, ancaq son 5 ildə müəllim yox, rus və ingilis dili tərcüməçisi çalışıb. O, bir neçə ay əvvəl işlədiyi şirkətdə ixtisara düşdüyündən, işsiz qalıb. Deyir, 3 aydır iş axtarır, ancaq iş atlı olub, o, piyada. Son vaxtlar hətta küçədə divarlara, dayanacaqlara yapışdırılan iş elanlarıyla da maraqlanır. Metronun 28 may stansiyası yaxınlığında yerləşən işədüzəltmə yerinə gedir. Ancaq bir şey çıxmır:
 
Yaşın 35-i keçibsə, iş tapmayacaqsan
 
“Hara gedirəm, deyirlər, yaşı 35-i ötənləri işə götürmürük. Axı mənim işə ehtiyacım var, özüm də ali savadlı qadınam. Bir neçə xarici dili bilirəmsə, niyə məni işə götürməməlidirlər? Deyirlər, yaşın çoxdur. Mütləq 25 yaşım olmalıdır? Niyə? İşə savad lazımdır, yoxsa gözəllik və yaşın az olması lazımdır?”.
 
Bakıda divarlara yapışdırılan elanlarda müxtəlif iş yerlərinə dair məlumatlar olur. Aşbazdan, qabyuyandan tutmuş, tərcüməçi, həkim və müəllimlərədək. Elan sahibləri çox yalnız arada vasitəçi olduqlarını, işə qəbula müxtəlif şirkət rəhbərlərinin baxdığını deyirlər. Vasitəçiliyə görə onlara müəyyən məbləğ ödənir. Gülnar Məmmədovanın üz tutduğu işədüzəltmə bürosunun müdiri olduğunu deyən gənc özünü təqdim etmir. Gülnarın niyə işə götürülməməsi haqqında ancaq bunları deyir: “Parametrlər uyğun gəlmir. Yaş fərqi var, yaş 18-25 olmalıdır”.
 
- Çox müraciət etmişəm. Şəxsiyyət vəsiqəmin surətini, nömrəmi alıblar ki, zəng edəcəyik. Ancaq hələ də bu günədək gözləyirəm, zəng yoxdur.
 
- Zavod yox, fabrik yox, iş hardan olacaq? Bu elanların hamısı yalandandır. Oğlum da, qızım da işsizdir, müraciət edirlər, deyirlər, gözlə.
 
- Şəxsən mən elanla işə düzəlmişəm.
 
- Tornaçı işinə görə müraciət eləmişdim, hələ ortada heç nə yoxdur.
 
“Şirnikləndirici vəd verirlər”
 
Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, belə elanlar müxtəlif məqsədlər güdür. Ancaq qanuna görə, işə götürərkən, yaş və cins ayrıseçkiliyinə yol vermək olmaz:
 
“İndi ən çox yayılan elanlardan dələduzluq yağır. Şirnikləndirici vəd verirlər, insanlar da gəlir, fərdi məlumatlarını qeyd edib anket doldururlar. Həmin adama deyirlər ki, bu anketə görə 15 manat ödə, biz səni dəvət edəcəyik. Sonra həmin adamı dəvət eləmirlər. Beləliklə, bir ay ərzində bu cür saxta iş büroları bir neçə yüz insanı aldadırsa, əhəmiyyətli məbləğ əldə edir. Adamlar da ödədikləri pula görə zəng edirlər, axtarırlar. Axırda aldandıqlarını anlayırlar. Bir başqa məqsədsə odur ki, doğrudan da işçi lazım olur. Hansısa tələblər qoyurlar. O tələblər bizim Əmək Məcəlləsinə uyğun deyil. Məsələn, yaşa, cinsə görə tələb qoymaq olmaz. Yalnız yaşı 15-ə çatmayanları işə götürmək olmaz. Əsas məsələ peşəkarlıq olmalıdır”.
 
Sahib Məmmədov deyir ki, ayrıseçkiliyə görə işə qəbul olunmayan şəxs məhkəməyə üz tuta bilər. Ancaq belə müraciətlərə rast gəlinmir.
 
Parlamentin əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə də işə götürülərkən peşəkarlığa önəm verilməsinin tərəfdarıdır. Deputat yaşa və cinsə görə ona şikayət olunmadığını da deyir:
“Dünyanın hər yerində işəgötürənlər cinsə, yaşa deyil, qabiliyyətə baxırlar. Əlbəttə, hər yerdə çalışırlar ki, yaşlı insanları işə götürməsinlər. İnsanların hamısı bərabərdir. İşə götürərkən, onlardan heç kəs cinsinə, yaşına, milliyyətinə və s.-ə görə heç nə tələb etməməlidir. Bir meyar olmalıdır - işi bacarır, yoxsa, yox. Bəli, olur ki, tələblər sırasında göstərirlər ki, yaşı filandan yuxarı olmasın. Bu o zaman olur ki, peşə hər hansı yeni peşədir. İnsan yaşlandıqca onun qavrama qabiliyyəti azalır. Mənə çox adam müraciət edir. Ancaq yaşa, yaxud cinsə görə işə götürülmədiyini deyən olmayıb” .
 
Gülnar Məmmədovanı isə məhz yaşına görə işə götürməyiblər. Məhkəməyə müraciət etməyə gəlincə, deyir ki, məhkəmə yoluyla nəsə əldə edəcəyinə inanmır. Ona görə iş axtarmağa davam edir.(azadlıq.org) /

Google+ WhatsApp ok.ru