Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək

Bu ilin yanvar ayından başlayaraq Azərbaycanda hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları rayon və şəhərlərdə göstəriləcək. Bunun üçün həmin xəstələrin Bakıya gəlməsinə ehtiyac qalmayacaq.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova Trend-ə deyib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə keçən il hər bir rayonda xüsusi təkmilləşdirmə kurslarında iştirak etməklə bir hematoloq və bir tibb bacısı hazırlanıb. Həmin tibb işçiləri şəhər və rayonların mərkəzi xəstəxanalarında fəaliyyət göstərəcəklər.

G.Hüseynova bildirib ki, artıq Şirvan və Gəncədə Hemofiliya və Talassemiya mərkəzləri yaradılıb. Hemofiliyalı və talassemiyalı xəstələrin dərmanla təminatı, eləcə də talassemiyalı xəstələrə qan köçürülməsi bu mərkəzlərdə həyata keçirilir. Bu il ərzində Quba, Lənkəran və Mingəçevirdə belə mərkəzlər yaradılacaq.

Qeyd edək ki, Azərbaycanda 1500-ə yaxın hemofiliyalı xəstənin 350 nəfəri 18 yaşına qədər olan uşaqdır. Xəstələrin 700 nəfərinin 18-40 yaşı var. Xəstələrin 50 faizi məktəbəqədər və məktəbyaşlı uşaqlardır. Hemofiliyalı xəstələrin 40 faizinin vəziyyəti ağır, 35 faizinin vəziyyəti orta-ağır, qalanlarının isə vəziyyəti yüngüldür.

Google+ WhatsApp ok.ru