Bu, bir qurumun işidirmi?

Bu, bir qurumun işidirmi?

-- Qida təhlükəsizliyi sahibkarlar üçün təhlükəyə çevrilə bilər

"Yeni Müsavat" qəzetində "Qida təhlükəsizliyi sahibkarlar üçün təhlükəyə çevrilə bilər" sərlövhəli məqalə diqqəti cəlb edir.
 
Maide.Az "contact.az"-a istinadən xəbər verir ki, müəllif ölkədə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, bu quruma geniş səlahiyyətin verilməsini, bunun müsbət və ya mənfi tərəflərini iqtisadçı-ekspert Natiq Cəfərli ilə gündəmin müzakirəsinə daşıyır.
 
Müəllif deyir ki, iyulun 1-dən Azərbaycanda qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi (QTA) həyata keçirir, ona normativ tənzimləmə, gigiyenik sertifikatlaşdırma, ixrac məhsullarına keyifyyətin sertifikatlaşdırılması, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində geniş səlahiyyətlər verilib.
 
Müəllif burada narahatlığa səbəb olan məqamı da gözardı etmir: "Lakin bir qurumun həm idxal-ixrac, həm istehsal, həm satış bazarında qida təhlükəsizliyinə effektiv nəzarəti təmin edə biləcəyi şübhələr doğurur. Digər tərəfdən, bir çox mənbələr hesab edirlər ki, QTA-nın tələb etdiyi yenidən qeydiyyat proseduru sahibkarlar üçün əlavə vaxt itkisidir".
 
Yazı müəllifi deyir ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına start verib və bu proses üç mərhələlidir.
 
Belə ki, iyul-avqust ayları olmaqla ilkin mərhələdə qida istehsalı, sentyabr-oktyabr ayları olmaqla ikinci mərhələdə bu sahədəki topdansatış, noyabr-dekabr ayları olmaqla üçüncü mərhələdə ictimai-iaşə müəssisələrinin qeydiyyatının aparılması nəzərdə tutulur.
 
Ekspert Natiq Cəfərli də hesab edir ki, bir dövlət qurumunun qida zəncirinin bütün həlqələrində qida təhlükəsizliyini təmin etməsi mümkün deyil: "Təkcə Bakı şəhərində 26 minədək satış nöqtəsi var. Bu satış nöqtələrində, həmçinin ictimai iaşə müəssisələrində və s. prosesi nəzarətdə saxlamaq mümkün deyil. Korrupsiya amili olmasa belə, bu proses sahibkarlar üçün əlavə vaxt itkisinə səbəb olacaq".
 
Bu məsələdə dünya təcrübəsinə istinad edən ekspertə görə, burada nəzarət nəzarət hüququ istehlakçıların özünə verilib, yəni, hamıdan çox sadə alıcı sağlam qida almağa özü maraqlıdır.
 
N.Cəfərliyə görə, burada müxtəlif yollarla vətəndaşları maarifləndirmək lazımdır ki, həm nəzarət, həm də problem olduqda məhkəməyə müraciət etsinlər.
 
"Effektiv vətəndaş nəzarəti olmasa, Azərbaycanda həyata keçirilən proseslər sahibkarlara, iş adamlarına əlavə problemlərin yaradılmasından uzağa gedə bilməyəcək. Nə qədər geniş səlahiyyət verilsə belə, bu, bir qurumun bacaracağı bir iş deyil".
 
Müəssisələrin qeydiyyatı ilə bağlı tələb olunan sənədlərin siyahısını ekspert sahibkarlar üçün əlavə resurs və vaxt itkisi kimi dəyərləndirir. 
 

Google+ WhatsApp ok.ru