Bu dərmanlar koronanı məhv etmir, almayın - Professor

Bu dərmanlar koronanı məhv etmir, almayın - Professor

“Aviqan” kimi tanınan “Favipiravir” preparatının koronavirusa təsiri olması barədə əldə birmənalı məlumat yoxdur. Yəni Ümumdünya Səhiyyə Təşkilatı da bu haqda rəy verməyib.
 
Maide.Az xəbər verir ki, bu sözləri Axar.az-a professor Adil Qeybulla “qara bazar”da 5 min manata satıldığı iddia edilən “Favipiravir”in koronavirusa təsiri barədə danışarkən deyib.
 
Professor bildirib ki, bu virusun müalicəsi üçün spesifik, antiviral dərman yoxdur:
 
“Bütün müalicə ümumi bədənin möhkəmlənməsinə və baş verən dəyişikliklərin korreksiyasına yönəlir. İnsanlar bunu anlamalıdır. Bir ara “Arbidol” adlı preparat adı çəkildi ki, virusun müalicəsində keyfiyyətlidir. Rusiya bu dərmanın satışından 2.4 milyard dollar pul qazandı. Bu, mənasız və heç biri təsiri olmayan dərman idi. Həmçinin “Kaletra” preparatı da bu qəbildəndir. Ümumdünya Səhiyyə Təşkilatı elan etdi ki, bunlar təsirsiz dərmanlardır. Bədəni bunlarla zəhərləmək lazım deyil. İnsanlar bu cür informasiyanın arxasınca gedir deyə, dəllallar ortaya çıxır. Ümumdünya Səhiyyə Təşkilatının bülletenləri var. Əsas məsələ orqanizmin, immun sisteminin möhkəmləndirilməsi və situasion müalicədir. Yəni hər bir xəstədə vəziyyətə uyğun müalicə aparılır”.
 
A.Qeybulla onu da bildirib ki, virusun müalicəsində keyfiyyətli dərman “Remdesivir” preparatıdır:
 
“Remdesivir” adlı preparat denqe qızdırması zamanı istifadə olunan dərmandır. Bu dərman effektli və çox bahadır. Onun Azərbaycana gətirilməsi real deyil”.

Google+ WhatsApp ok.ru