'Buğdanın bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb'

'Buğdanın bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb'

“Yenisabah.az” saytı-nda “Buğdanın qiyməti kəskin qalxıb-çörək bahalaşacaqmı?” sərlövəhli yazı oxumaq olar.
 
Sayt bu il arpa və buğdanın qiymətindaki dəyişikliklərlə bağlı iqtisadçı Nemət Əliyev-in düşüncələrinə yer verib.
 
“Çörək yenidən bahalaşa bilər, çünki, buğdanın əhəmiyyətli dərəcədə bahalaşması çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb”, deyə Nemət Əliyev qeyd edib.
 
İqtisadçının bildirməsinə görə, ötən il bu vaxtlar kiloqramı 23-25 qəpiyə olan buğda hazırda 38-39 qəpiyə, kiloqramı 25-27 qəpiyə təklif edilən arpa isə hazırda 35-38 qəpiyə satılır:
 
“Lakin taxıl istehsalının qızğın çağında bahalaşma deyil, ucuzlaşma yaşanmalıydı. Ucuzlaşma olmasa da, bu dərəcədə bahalaşma olmamalıydı”.
 
 ​N. Əliyev bildirib ki, əgər 2018-ci il iyulun 9-na kimi sahələrdən 2 milyon 319 min ton taxıl tədarük olunmuşdusa (Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının açıqladığı məlumat), 2019-cu ilin eyni günündə 2 milyon 885 min ton (Kənd Təsərrüfatı Nazirliyinin yaydığı operativ məlumat) taxıl tədarük olunub:
 
“Bu iki göstəricinin müqayisəsindən məlum olur ki, ötən ilə nəzərən taxıl tədarükü bu il 566 min ton artıb. Deməli, yerli istehsal hesabına bazarlara yarım milyon tondan çox buğda və arpa çıxarılıb (təklif edilib). Bu hal qiymətlərin səviyyəsinə mütləq azaldıcı təsir göstərməliydi”.
 
 ​İqtisadçının qeyd etməsinə görə, Dövlət Gömrük Komitəsi yanvar-iyun dövrünə dair məlumat açıqlayaraq bildirib ki, xaricdən 576,489 min ton, ötən il isə 538,781 min ton buğda alnıb:
 
“Təklif, istehsal hesabına 24 faiz, idxal hesabına 7 faiz artıb. Deməli, normalda buğda və arpa ucuzlaşmalıydı...”
 
N.Əliyev Azərbaycanda bazar iqtisadiyyatından danışanlara tövsiyyə edir ki, bu “sirri-xuda”nın səbəbləri haqqında yaxşı-yaxşı düşünsünlər:
 
“ ... Hazırkı bahalaşma səviyyəsi taxıl istehsalına dair açıqlanan rəsmi məlumatların həqiqiliyini böyük sual altına almaqla yanaşı, həm də çörəyin qiyməti üzərində təzyiqləri xeyli artırıb və bu davamiyyət çörəyin növbəti bahalaşması ilə nəticələnəcək (quşçuluq və heyvandarlıq təsərrüfatlarına təsir də qaçılmazdır)...”. 
 

Google+ WhatsApp ok.ru