Bu gündən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edəcək

Bu gündən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edəcək

Martın 28-dən etibarən Gürcüstan vətəndaşları Avropaya vizasız gedib-gələcəklər.
 
Tiflis şəhərinin sakinləri və ətraf rayonlardan gələn Gürcüstan vətəndaşları, həmçinin etnik azlıq nümayəndələri, o cümlədən soydaşlarımız Aİ ilə vizanın liberallaşdırılmasının qüvvəyə minməsi ilə bağlı Tiflisdə təşkil olunan Qala konsertdə iştirak edib.
 
Baş nazir Giorgi Kvirikaşvili Qala konsert keçirilən tədbirdə canlı yayıma çıxaraq vizanın ləğv olunması münasibətilə Gürcüstan vətəndaşlarını təbrik edib. Ötən gün Tiflisin küçələrində müxtəlif rəqs və mahnı qruplarının konserti də keçirilib.
 
Gürcüstan Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya açıqlamasında deyib ki, Gürcüstanın növbəti məqsədi  Avropa Birliyinə  üzv olmaqdır: “Gürcüstanda  demokratiya dəyərlərinin qorunması, üzərimizə götürdüyümüz islahatların, öhdəliklərin düzgün həyata keçirilməsi öz bəhrəsini verib. Bu, bütün Gürcüstanın sevincidir.  Gürcüstan hökumətinin növbəti məqsədi isə  Avropa Birliyinə  üzv olmaqdır. Güclü, təhlükəsiz, azad Gürcüstan üçün bu məqsədə nail olmaq isə bizim arzumuzdur”. /

Google+ WhatsApp ok.ru