Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Bu gün növbəti buraxılış imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
 
Mərkəzdən  verilən məlumata görə, bu gün 24312 nəfər imtahan verəcək.
 
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
 
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
 
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
 
Şagirdlər (abituriyentlər) imtahana buraxılış vərəqəsini, sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır), şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) özləri ilə gətirməlidirlər.
 
Qeyd edək ki, 18 və 19 iyun tarixlərində respublikanın 38 şəhər və rayonunda 9-cu sinif üzrə buraxılış imtahanları, 11-ci sinif üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
 
Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 209 imtahan binası, 3443 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 209 ümumi imtahan rəhbəri, 559 imtahan rəhbəri, 4474 nəzarətçi–müəllim, 418 buraxılışı təşkil edən əməkdaş, 209 bina nümayəndəsi ayrılıb.
 
İyunun 18-də keçiriləcək imtahanlarda 24312, iyunun 19-da keçiriləcək imtahanlarda isə 19455 nəfər olmaqla, ümumilikdə 43767 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
 
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
 
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
 
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
 
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.
 

Google+ WhatsApp ok.ru