Bu göz xəstəliyinə erkən doğulan uşaqlarda rast gəlinir

Bu göz xəstəliyinə erkən doğulan uşaqlarda rast gəlinir

Vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) uşaqlıq zamanı ən çox korluq səbəbi olan və yarımçıq doğulan körpələrdə rast gəlinən göz xəstəliyidir. Bu xəstəliyə 32 həftədən tez və 1500 qr-dan az çəkisi olan yenidoğulmuşlarda rast gəlinir.
 
Hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur və erkən doğuşların sayı gündən-günə artmaqdadır. Beş mərhələdə inkişaf edən ROP son mərhələdə geridönməz korluqla nəticələnir. Valideynlər uşağın ilk aylarında xəstəliyin əlamətlərini hiss etməyə bilərlər.
 
ROP xəstəliyin yalnız son mərhələsində, yəni körpənin 4-5 aylığında kənardan aşkarlanır. Belə ki, valideynlər uşağın ona göstərilən əşya və oyuncaqlara baxmadığını, gözlərin çəpləşdiyini görərək həkim-oftalmoloqa müraciət edirlər. Təəssüf ki, bu zaman heç bir müalicə müsbət effekt vermir və uşaqda geriyədönməz korluğun yarandığı aşkarlanır. Amma ROP müayinəsi doğulan körpənin ilk ayında həkim-oftalmoloq-retinoloq tərəfindən aparılarsa, körpənin gözləri müalicə olunub tam sağlam ola bilər.
 
Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) VitreoRetinal Göz cərrahı, t.ü.e.d. Dr. Tural Qəlbinurun valideynlərə olan tövsiyələrini sizinlə bölüşürük:
 
“Valideynlər bilməlidirlər ki, gözlər körpələrdə ana bətnində olarkən gec formalaşan orqanlar sırasındadır. Bütün orqanlar doğuşa kimi inkişafını bitirdiyi halda ağciyərlər və göz dibi damarları inkişafını davam etdirir. Vaxtından əvvəl doğulan körpələrdə bu inkişaf bitmədiyinə görə doğulduqdan sonra da davam edir.
 
Vaxtından əvvəl doğulan körpələri həyatda saxlamaq üçün verilən yüksək konsentrasiyalı oksigen isə gözlərdəki damarların qeyri-normal inkişafına və zəifləməsinə səbəb ola bilər. Nəticədə gözün dibində olan torlu qişada ROP adlandırılan retinopatiya yaranır. Valideynlərə tövsiyəm budur ki, övladınız erkən doğulubsa, mütləq həkim-oftalmoloq-retinoloqun müayinəsinə gətirin. Çünki ROP vaxtında müayinə edilib müalicəsinə başlanılmadığı halda hər iki gözdə korluğa səbəb olur və görmə qabiliyyətinin sonradan bərpası da mümkün olmur.
 
Övladınızın sağlamlığının qayğısına elə ilk gündən qalın. Qoy körpəniz dünyaya sağlam gözlərlə baxsın”. (modrn.az)
 

Google+ WhatsApp ok.ru