Bu il Ərbəin mərasiminə görə İraqa 2 milyon iranlı gedəcək

Cari ildə Ərbəin mərasimində iştirak etmək üçün İrandan İraqa 2 milyon zəvvarın gedəcəyi proqnozlaşdırılır. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran daxili işlər nazirinin müavini və İranda təşkil olunmuş Ərbəin Mərkəzi Qərargahının sədri Hüseyn Zülfüqari deyib.
 
H.Zülfüqari bildirib ki, indiyədək 900 min nəfər İraqa getmək üçün viza əldə etmək məqsədilə Daxili İşlər Nazirliyinin elektron sistemində qeydiyyatdan keçib, bəziləri isə konsulluq şöbələrinə müraciət edərək viza alıblar.
 
O, qeyd edib ki, viza almayan şəxslər Ərbəin mərasimində iştirak etmək üçün getməməlidir: “Ötən il ölkədə 4 mərkəzdə viza verilirdi, bu il bu mərkəzlərin sayını 15-ə çatdırmışıq. Vizaların verildi bu 15 mərkəzdən 5-i daha aktivdir ki, orada gündəlik 300 viza verilir”.
 
Nazir müavini deyib ki, Ərbəin Mərkəzi Qərargahında 11 komitə yaradılıb: “Bu komitələrdən ikisi İraqla sərhəd bölgədə - Xuzestan və İlam əyalətlərində yerləşir. Bundan başqa, bir komitə İraqda yerləşir ki, bu komitəyə İranın bu ölkədəki səfiri rəhbərlik edir. Digər komitələr isə İranın müxtəlif əyalətlərində fəaliyyət göstərirlər”.
 
H.Zülfüqari əlavə edib ki, İran və İraq rəsmiləri arasında əldə olunan razılığa əsasən, itkin düşmüş və ya viza müddəti bitmiş şəxslər İraq məhkəmə sisteminə deyil, birbaşa iranlı sərhədçilərə təhvil veriləcəklər.
 
Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmini üçün İraq hökumətinin gördüyü işlərə toxunun H.Zülfüqari deyib ki, İraq təhlükəsizlik qüvvələri zəvvarların təhlükəsizliyini havadan və yerdə təmin edəcək: “İraq hökuməti zəvvarların təhlükəsizliyinə birbaşa cavabdehdir. Biz sadəcə məsləhət veririk, onlarla məlumat mübadiləsi həyata keçiririk”.
 
O deyib ki, ötən illə müqayisədə bu il zəvvarların İraqda məskunlaşdırılması üçün daha yaxşı şərait yaradılıb: “Ötən günlər ərzində İraqa 100 ton dərman preparatı ixrac etmişik. Bu dərman preparatları Kərbəla və Nəcəf şəhərlərində ambulator müalicə üçün nəzərdə tutulub”.
 
H.Zülfüqari iranlı zəvvarları Samirə şəhərinə getməməyə çağırıb: "Samirə şəhərində bu gün təhlükəsizlik tam təmin olunsa da, biz vətəndaşlarımıza bu şəhərə getməyi məsləhət görmürük. Kazimeyn və digər şəhərlərinə gedə bilərlər".
 
Qeyd edək kı, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edirlər. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 2 dekabr tarixinə təsadüf edir. /

Google+ WhatsApp ok.ru