Bu il Azərbaycanda doğuş zamanı 17 ana vəfat edib

Bu il Azərbaycanda doğuş zamanı 17 ana vəfat edib

“Ötən il Azərbaycanda 142 min doğuş həyata keçirilib. Doğuş zamanı isə 17 ana ölümü qeydə alınıb”.
 
Maide.Az bildirir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib.
 
O bildirib ki, bu ilin 9 ayı ərzində isə 100-110 min doğuş zamanı 17 ana ölümü qeydə alınıb: “2017-2018-ci illərdə doğuşun 26-27%-ni qeysəriyyə kəsiyi əməliyyatı təşkil edib. Bu il tamamlanmadığı üçün hər hansı rəqəm demək tezdir. Aborta gəldikdə isə bu say 2017-ci ildə 37 min, 2018-ci ildə 36 min təşkil edib. Bu da ümumi doğuşların 26-27%-ni təşkil edir”.
 
S.Məmmədova dölü ana bətnində inkişafdan saxlayan əsas səbəblərdən də danışıb. O qeyd edib ki, bu səbəblər həm ana, həm də döldən asılı ola bilər:
 
“Əgər anada hər hansı xəstəlik, infeksion proseslər nəticəsində ciftində olan qocalmalar, problemlər varsa, uşağa gedən qidalanma pozulur. Bu səbəbdən uşaq inkişafdan qalır. Döl hər hansı infeksion xəstəlik, ürək qüsuru, başqa qüsurlardan asılı olaraq inkişafdan qala bilər. Bətndaxili inkişaf ləngiməsi varsa, diaqnoz qoyub təsdiqləyirik və hamiləliyi sonlandırırıq. Sonlanmanın iki növü var. Bu, təbii doğuş və cərrahi yolla sonlanmadır. Əgər uşağın yaşama şansı varsa, qeysəriyyə əməliyyatı ilə götürürük. Yaşama şansı çox az olduqda isə kəsik etmirik, çünki qeysəriyyədən sonra tikişlər bitişənə qədər qadın iki il hamilə qala bilməz”.
 
Baş mama-ginekoloqun sözlərinə görə, doğuşdan sonra uşaq ölümlərinin səbəbləri də müxtəlif ola bilər:
 
“Yarımçıq doğulma, ürəkdəki qüsurlar, baş beyində olan qeyri-travmatik qansızmalar, uşağın özündə olan infeksiya ilə əlaqədar inkişaf edən septik hallar nəticəsində uşaq tələf ola bilər. Uşaq doğulandan 12 saat sonra müayinə zamanı diaqnoz qoya bilirik. Statistik göstəricilərdə belə ölüm halları ya infeksiyadan, ya ürək qüsurlarından, ya da yaşama qabiliyyəti olmayan inkişaf qüsurlarından olur”.
 
“Dünyada hər il doğuşların 10-15 faizini erkən doğuşlar təşkil edir. Erkən doğuşlarla bağlı builki rəqəmi hələ ki, açıqlaya bilməyəcəm. Amma ümumilikdə artım yoxdur”, deyə S.Məmmədova əlavə edib.

Google+ WhatsApp ok.ru