Bu ölkədə robotları “işə götürürlər”

Bu ölkədə robotları “işə götürürlər”

-- Artıq işçi qüvvəsi bir problemə çevrilməyə başlayıb.

Macarıstanda zavod meneceri Gabor Kiraly iki il öncə avstriyalı bosslarıyla söhbətini yada salır. Bu ölkədə işçi çatışmazlığı faktı onları sarsıdıbmış.
 
“Reuters” agentliyi yazır ki, Hirtenberger Automotive Safety şirkəti Macarıstanın qərbindəki Papa şəhərində yerləşir və şəhərdə işsizlik səviyyəsi sıfıra yaxınlaşmaqdadır. Artıq işçi qüvvəsi bir problemə çevrilməyə başlayıb.
 
Və sonucda menecerlər robotlardan istifadə qərarına gəliblər. Hirtenberger zavodda iki hasilat bölümünün avtomatlaşdırılmasına 2,5 milyon avro xərcləyib və bununla da BMW, Mercedes, Volkswagen, Audi kimi şirkətlərin artan tələbatını qarşılamağa çalışır.
 
Agentlik bu şirkətin tək olmadığını, Şərqi Avropada bir sıra şirkətlərin işçi qüvvəsi çatımazlığını önləməkdən ötrü avtomatlaşdırmaya investisiya qoyduğunu yazır. İşçi qıtlığı əsasən 2008-ci ilin maliyyə böhranından və 2011-ci ildə Avropa Birliyinin daha zəngin ölkələrinə işçi axınına məhdudiyyətləringötürülməsindən sonra başlanıb.
 
 
ƏHALİ DƏ AZALIR
 
Dünyada bir çox siyasətçilər və iqtisadçılar robotların insanların əvəzləməsinin potensial mənfi nəticələrindən əndişələnirlər. Di gəl, bu ölkədə robotlar bazar payını itirmək istəməyən şirkətlər üçün göydəndüşmədir.
 
Bəzi şirkətlər əməkhaqqılarını ciddi artırıblar, amma bu da gəncləri ölkədən getməməyə inandırmağa yetməyib.
 
BMT-nin ötən il yaydığı hesabata görə, artım səviyyəsi indiki kimi aşağı həddə qalsa, Polşa, Çexiya, Slovakiya və Macarıstanın cəmi əhalisi 2050-ci ilədək 8 milyon nəfərdən çox azalaraq 56 milyona düşəcək.
 
“Böhrandan qabaq yetərincə kapital yox idi, amma ucuz işçi qüvvəsi varıydı. İndi əks tendensiya gedir olub. Kapital var, müasir, funksional texnologiyaya qoyulmalıdır, əməyin dəyəri isə artıb”, – Macarıstanın dam kirəmitləri istehsal edən Terran Tetocserep şirkətinin rəhbəri Attila Godi deyib. Bu şirkət ötən il cənub bölməsində robotların quraşdırılmasına 900 min avro xərcləyib.
 
İqtisadçılar əmək qüvvəsi qıtlığının bu onilliyin sonunadək Şərqi Avropanın bəzi iqtisadiyyatlarına çox mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edirlər.
 
“Əmək bazarlarının tədricən sıxılması, azı, son üç ildə görünürdü, amma 2018-ci il dönüş nöqtəsinə çevrilə, əmək qüvvəsi qıtlığının iqtisadi artıma təsiri görünə bilər”, – UniCredit-in təhlilçiləri yazıblar.
 
DİGƏR PLANLAR
 
Şirkətlər yerdəyişmə barədə də düşünməyə başlaya bilərlər.
 
Zavod meneceri Kiraly deyir ki, bu, şirkət rəhbərlərinin müzakirə etdikləri yeganə variant deyil, çünki “strateji baza” saydıqları Papaya əməlli sərmayə yatırıblar.
 
“Bu səbəbdən avtomatlaşdırmaya üstünlük vermişik. Çünki avtomatlaşdırsaq, əmək bazarının təsiri ciddi azalacaq”, – deyən menecer onu da vurğulayıb ki, Hirtenberger tələbat mənbəyinə yaxın yerdə yeni zavod tikməyi də nəzərdən keçirir.
 
Ötən ay Avstriyanın Erste Group Bank-ının apardığı rəy sorğusu üzə çıxarıb ki, işçi qüvvəsi qıtlığı ən çox Macarıstanda yaşanır, amma Çexiya, Slovakiya və Polşa şirkətləri də artıq bu təsiri hiss etməkdədirlər.
 
Məsələn, Çexiyanın 100 şirkəti arasında keçirilən bir sorğuya görə, ötən il onların üçdə biri əmək qüvvəsi çatışmazlığı üzündən sifarişləri geri qaytarmalı olub. Hər dörd Çexiya şirkətindən biri isə avtomatlaşdırma planlarını sürətləndirmək fikrində olduqlarını açıqlayıb.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru