Bu ölkədə aviaşirkət əməkdaşları tətilə başladı - Səbəb

Bu ölkədə aviaşirkət əməkdaşları tətilə başladı - Səbəb

Finlandiyanın aparıcı aviadaşıyıcısının – “Finnair” şirkətinin əməkdaşları tətilə başlayıblar.
 
 Axar.az xəbər verir ki, aviaşirkətin əməkdaşları ümummilli tətilə Finlandiyanın poçt işçiləri ilə həmrəylik əlaməti olaraq qoşulublar. “Finnair” şirkəti tətil nəticəsində təqribən 300 reysi ləğv etmək məcburiyyətində qalıb.
 
 Finlandiya poçtunda tətil “Posti” Dövlət Poçt Xidmətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları əməkhaqqının nəzərdə tutulan azaldılması məsələsində razılaşma əldə edə bilmədikdən sonra başlayıb. Uzun sürən danışıqlar nəticəsiz qaldığı üçün təqribən 9 min poçt əməkdaşı ikihəftəlik tətil elan edib,
 
Finlandiya aeroportlarının əməkdaşlarının həmkarlar ittifaqı isə həmrəylik əlaməti olaraq onlara qoşulub.
 
 Proqnozlara görə, aviadaşıyıcı tətil nəticəsində xeyli ziyana düşəcək, çünki Helsinki aeroportu uçuşlar üçün əsas qovşaqdır. Şirkət sosial şəbəkələrdəki səhifəsində elan edib ki, sabah təqribən 300 reys təxirə salınacaq. Nəticədə təqribən 20 min sərnişin zərər çəkəcək.
 
 Qeyd edək ki, Finlandiyada digər sahələrdə də həmrəylik tətilləri gözlənilir. Nəqliyyat işçilərinin həmkarlar ittifaqları Helsinkidə avtobusların hərəkətinin dayandırılacağını bildirib. Eyni zamanda, Finlandiya Dənizçilər İttifaqı noyabrın 25-dən başlayacaq sonrakı bildirişə qədər yerli limanlarda Finlandiya bayrağı altında üzən bütün sərnişin və yük gəmilərinin hərəkətinin tezliklə dayandırılacağını elan edib.
 

Google+ WhatsApp ok.ru