Bulvar camaatın üzünə bağlandı

Bulvar camaatın üzünə bağlandı

İyunun 15-də saat 00:00-dan Bakı bulvarı «Formula 1» yarışlarına görə bağlanıb. Bir də iyunun 20-də açılacaq.
 
Həmin günlərdə Milli Parka ancaq yarışlara biletləri olanlar gələ biləcək. Bulvara çıxan keçidlərin qarşısında biletlər yoxlanacaq, bileti olanlar bulvara buraxılacaq, olmayanlar yox.
 
Bu haqda AzadlıqRadiosuna Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib: «Bulvarın Neftçilər prospekti boyu olan hissəsi– yarış keçirilən, maşınların keçdiyi hissələr bağlanır. Bu, Dəniz vağzalından Azneft Meydanına qədər olan hissədir. Bağlanmaya gəldikdə, heç vaxt bulvarda bu miqyasda böyük tədbir olmayıb. Ona görə heç vaxt bağlanmayıb. Ancaq indi genişmiqyaslı tədbirdir, ona görə də bağlanması normal bir şeydir. Bileti olanlar keçiddən keçəcək, onları yoxlayıb bulvar ərazisinə buraxacaqlar».
 
HƏR TƏRƏFƏ XAL-XALÇA VURULUB, BƏZƏDİLİB
 
Bakı Bulvarının sözügedən əsas hissəsi «Formula 1» yarışları üçün nəzərdə tutulan əyləncə məkanlarının, konsert səhnələrinin ünvanı olacaq. Yarışın təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzadlıqRadiosuna deyiblər ki, Azneft Meydanından Dəniz vağzalına qədər «Formula 1» şəhərciyi salındığından, bileti olmayanlar əraziyə buraxılmayacaqlar. Bileti olanlar isə şəhərcikdə xüsusi qurulmuş səhnələrdə iyunun 17-də dünya ulduzları Chric Brown-un, iyunun 18-də Enrique Iglesias-ın, iyunun 18-də Pharrell Williams-ın konsertlərini izləyə biləcək. Pilotlarla avtoqraf sessiyaları da keçiriləcək, müxtəlif əyləncələr, yarışmalar olacaq.
 
Bulvar bağlanmamışdan bir gün əvvəl burda son tamamlama işləri görülürdü. Bulvarın bir neçə yerində iri hərflərlə «F1 Baku 2016» yazılmış iri lövhələr quraşdırılıb. Eyni lövhə dənizin içində də yerləşdirilib. Milli Park boyu tualetlər, tibb məntəqələri, əyləncə çadırları qurulub. Çadırlardan milli üslubda bəzədilənləri də var. Bu çadırların hər tərəfinə xal-xalça vurulub, oturacaqlara milli ornamentli döşəkcələr qoyulub. Masa və kətillərin ətrafına heykəlciklər düzülüb. Səhənglər, güvəclər, bardaqlar da öz yerini alıb.
 
Bakı sakini Eldost Əliyev bu çadıra baxmaq istəsə də, mühafizəçi onu yaxına qoymur. Bu, ortayaşlı kişini özündən çıxarır: «Biz heç nəyik, biz heç kimik. Baxmaq da olmaz. Kimlərsə gəlib burda istirahət edəcək, bizə uzaqdan da baxmaq olmaz. 5 gün bulvara da qoymayacaqlar. Xəbəriniz olsun, bulvar da biletlədir. Daha az qalıb, bir azdan bizi şəhərdən də qovacaqlar».
 
«KİMLƏRSƏ ÖZLƏRİNİ GÖSTƏRİRLƏR»
 
Bulvarın əsas hissəsinə girişin qadağan olunması digər şəhər sakinlərini də narazı salıb:
 
– Yaşlı adamam, hər gün, heç olmasa, 1 saat burda oluram. Nəvələri də gətirirəm, oynayırlar. İndi beş gün bura bağlı olacaq. Neynəyək, dözək də, biz axı dözümlü xalqıq.
 
– Vallah, bu yarış mənə, sənə, bizə lazım deyil. Kimlərsə kef eləməyə yarış keçirir. Bilmirəm özlərini kimə göstərirlər. Adam özünü birinci öz xalqına göstərər, bunlar da belə göstərirlər.
 
– Bağlıdırsa, gəlməyəcəyik, 5 günlə bir şey olmaz. Əsas canımız sağ olsun.
 
– Bulvar da bağlanır, lap yaxşı. Hər yeri bağlasınlar, bizə belə lazımdır. /

Google+ WhatsApp ok.ru