Bunun harası `sosial evdir`?

Bunun harası `sosial evdir`?

-- `Şərtlər elə qoyulub ki, əhalinin 60%-i bu mənzillərdən yararlana bilmir...`

"Marja.az"da "Bunun nəyi "sosial ev" oldu?!" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzil niyyətinin heç də gerçəkliklə uzlaşmamasını müzakirə müstəvisinə gətirir.
 
Müəllif vurğulayır ki, Agentlik Yasamal Yaşayış Kompleksində mənzillərin ilkin güzəştli satışına may ayının 7-dən start verəcəyini açıqlayıb, amma cəmiyyətdə "sosial ev" adlandırılan mənzillərin güzəştli satış layihəsi vətəndaşların bir çoxunu məyus edib.
 
Müəllif mənzillərin satış qiyməti barədə bildirir: "Satışa 260 mənzil çıxarılır, bütün mənzillər tam təmirli təklif olunur. 1 otaqlı mənzillər 31-33 kv.m, 2 otaqlı mənzillər 54-57 kv.m, 3 otaqlı mənzillər isə 69-70 kv.m təşkil edir. 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır".
 
Müəllif deyir ki, mənzillər 3-30 illik ipoteka ilə təklif olunur, ilkin ödəniş 10%-dir, mənzil 30 il müddətinə ipoteka ilə alındıqda 1 otaqlı üçün aylıq ödəniş 129-136 manat, 2 otaqlı üçün 203-236 manat, 3 otaqlı üçün isə 282-288 manat təşkil edir, mənzili nağd alanlara 10% endirim də ediləcək.
 
Mənzilin qiymətini sahəsinə bölərək satış qiymətini müəyyən edən müəllif deyir ki, Agentlik təmirli mənzilin 1 kavdrat metrini təxminən 950 manatdan satır, bu qiymət isə sosial mənzil prinsiplərinə uyğun deyil.
 
Müəllif vurğulayır ki, "Neftçilər" və "Qara Qarayev" metro stansiyalarının yaxınlığında 1 kv.m-i 1250-1350 manatdan təmirli mənzil almaq mümkündür, üstəlik 25 illik güzəştli və adi ipoteka imkanları mövcuddur və təkrar bazardan daha ucuz qiymətlərə mənzil almaq olar.
 
Müəllif deyir ki, MİDA-nın tikdiyi kompleksə çox yaxın Lökbatanda özəl tikinti şirkətlərindən biri təmirsiz mənzilin 1 kv.m-ni 600 manatdan təklif edir, bu qiymətin üzərinə 250 manat təmir xərcini əlavə etsək qiymət 850 manata çatır.
 
Yazı müəllifinə görə, sahəsi 70-80 kv.m civarında olan mənzillər normal sayılır, bu sahədən kiçik mənzil müəyyən çətinliklər yaradır.
 
Müəllifin sözlərinə görə, 300-500 manat əməkhaqqı alan əsl müəllim, həkim və s. üçün aylıq 288 manat ödəniş yüksəkdir: "Bunun nəyi sosial mənzil oldu, 300-500 manat maaş alıb, bunun 200-300 manatını evə ödəsək, bəs ailə nə yeyib-içəcək?!". Bir çoxları hesab edirlər ki, otaqları çox kiçik olduğundan 1-2 otaqlı mənzilləri almağa dəyməz",deyə müəllif alıcı mövqelərini nəzərə çatdırır.
 
Müəllifə görə, şərtlər elə qoyulub ki, əhalinin 60%-i bu mənzillərdən yararlana bilmir, bu imkanlı şəxlərin daha da, imkanlılaşmasına şərait yaradır.
 
Yazı müəllifi deyir ki, sosial şəbəkədə bu məsələni müzakirə edənlər bu evlərin sosial evlər yox, "nisbətən ucuz evlər" statusuna uyğun gəldiyini bildirirlər. 
 

Google+ WhatsApp ok.ru