`Bura çimərlik deyil, xəstəlik mənbəyidir`

`Bura çimərlik deyil, xəstəlik mənbəyidir`

Buzovna və Hövsan çimərliklərindən reportaj 
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yay mövsümü başlamadan öncə çimərliklərin vəziyyətinə dair açıqlama yaydı. Açıqlamada qeyd olunurdu ki, Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərlikləri istisna olunmaqla digər çimərliklər istifadəyə yararlıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də eyni tip açıqlama verdi. Nazirlik sahilboyu təmizliklə bağlı vəziyyəti qənaətbəxş hesab etdi. 
 
Bir aydan artıqdır ki, çimərlik mövsümü başlayıb. Amma Hövsan, Türkan, Buzovna, Novxanı çimərliklərindəki vəziyyət istirahətə gedənləri narazı salır. Xüsusilə Buzovna və Hövsan çimərlikllərindəki vəziyyətdən gileylidirlər. 
 
Meydan TV əməkdaşı Buzovna və Hövsan çimərliklərində olub, vəziyyətlə maraqlanıb.
 
Üfunət iyindən dayanmaq olmur
Buzovnada sahilboyu yayılmış zibil qabıqarından gələn üfunətə dayanmaq mümkün deyil. Çimərliklərdə zibil atılması üçün qutular qoyulmayıb. 
 
 
“Neçə illərdi bu çimərlikdən istifadə etmişik. Amma vəziyyət builki kimi olmayıb. Kanalizasiya dənizə axır, ətraf məhəllələrin zibil tulantıları sahilboyu atılıb”, -istirahətə gələn Yaqub Zeynalov deyir. Onun sözlərinə görə, Buzovnada ən ucuz çimərlik ərazisi buradır. Nə dayanacaq üçün pul istənilir, nə də geyinib-soyunma otaqları bahadır. Buna görə də əksəriyyət zibilliyə,  kanalizasiyanın dənizə axıdılmasına fikir vermir. Qarpız qabıqlarından tutmuş uşaq pampersinədək qalaqlanmış zibilliyin ətrafında uşaqlar oynayır. Bir qədər kənarda isə ödənişli çimərlik ərazisi var. Ərazidə zibil tullantıları üçün qutular qoyulsa da, kanalizasiyadan gələn üfunətdən nəfəs almaq mümkün deyil. 
 
 
Çimərlikdə çalışan Hüseyn söyləyir ki, dənizə yaxın evlər tikildikcə, vəziyyət daha da pisləşir. Kanalizasiya xətti olmadığından çirkab birbaşa dənizə axıdılır. 
 
Hövsan çimərliyində də problem eynidir. Son bir ildə çimərlik ərazisində yeni bir qəsəbə salınıb. Çimərlikdə bişmiş qarğıdalı satan Vahid adlı şəxs yaxınlıqdakı qəsəbədə yaşadığını deyir. Onun sözlərinə görə, qəsəbənin kanalizasiyası birbaşa dənizə tökülür.
 
 
Çimərlikdəki vəziyyəti görüb, azyaşlı qızının da əlindən tutub geri qayıdan qadın bu cür suda çimməyin xəstəlik yaratdığını düşünür:
 
“Dənizə axıdılan suyun tərkibi bəlli deyil. Özüm həkiməm, bilirəm ki, bu cür suda çimmək müxtəlif xəstəliklərin yaranmasına səbəb olar. Deyirdilər, amma gözümlə görməmişdim. Suyun üzəri çör-çöplə doludur. Ona görə də nə özüm, nə də qızım dənizə girdik. Cibə uyğun olmasa da, pullu çimərliklər burdan yaxşıdır. Bura çimərlik deyil, xəstəlik mənbəyidir”. 
 
Çimərlikdəki geyinib-soyunma kabinələrinə nəzarət edən yaşlı qadın isə deyir ki, bura nəzarət etmək kiminsə marağında deyil:
“Pulsuz çimərlikdi deyə nəzarət zəifdi. Qəsdən buraların çirklənməsinə şərait yaradılır ki, əhali pullu çimərliklərdən istifadə etsin. Əlacsız qalıb hamı pulsuz çimərliklərdən imtina etsin, bu ərazı də pulluya çevrilsin”. 
 
Qanun qadağan edir
Respublika Gigiyena və Epidemiologiya Mərkəziindən bildiriblər ki, onlar iradlarını yazılı şəkildə icra hakimiyyətlərinə təqdim edir. Qalan bütün məsələlər icra hakimiyyətləri tərəfindən həll olunmalıdır. 
 
Ərazilərə nəzarət edən Suraxanı və Xəzər rayonlarının İcra hakimiyyətlərindən məsələyə münasibət öyrənmək mümkün olmayıb. 
 
 
Cinayət Məcəlləsində dəniz mühitinin çirkləndirilməsi məsələsi də öz əksini tapır. Belə ki, Məcəllənin 252-ci maddəsinə görə, dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. /

Google+ WhatsApp ok.ru