Bu xəstəliklər daha çox qida ilə bağlıdır

Bu xəstəliklər daha çox qida ilə bağlıdır

-- Azərbaycanda qida mədəniyyətinin qüsuru ondan ibarətdir ki, intensiv yemək günün ikinci yarısında olur

Macarıstan qan dövranı xəstəliklərinin səbəb olduğu ölüm hallarının sayına görə Avropa ölkələri arasında üçüncü yeri tutur. İstər kişilər, istərsə də qadınlar arasında xəstəliklərin çoxu yüksək qan təzyiqi ilə bağlıdır. 
 
Bu barədə “Generali” sığorta şirkətinin apardığı araşdırmada göstərilib.
 
Sığorta şirkətindən bildiriblər ki, pis qidalanma və xolesterinin səviyyəsinin yüksək olması arterial təzyiqi yaradan əsas amillərdən biridir. Siqaretçəkmə, qəhvə və alkoqol ürək-damar sisteminə ziyan vurur.  
 
Kardioloji xəstəliklərin əsas səbəbi kimi stresli həyat tərzi də qeyd olunurdu. Görünən odur ki, düzgün qida rasionunun olmaması da ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
 
Qida mədəniyyətimizin qüsurlu olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla  bildirib ki, biz həddindən artıq çox qida qəbul edirik, həmçinin azyaşlı uşaqları da belə öyrədirik:
 
“Çox qida qəbul etməyimizə baxmayaraq aldığımız kaloriyə uyğun hərəkət etmirik. Bədənə həddindən artıq çox kalori daxil olur, amma kalorinin sərfiyyatı azdır. Nəticədə ürək-damar, şəkərli diabet və.s xəstəliklər yaranır.
 
Bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında bir balans olmalıdır. Qidalanmaya uyğun hərəkət mütləqdir. Qida mədəniyyətimizin də bir qüsuru ondan ibarətdir ki, intensiv yemək günün ikinci yarısında olur. Restoranlar, şadlıq evləri, kafelər və s. Bu cür intensiv qidalanmadan sonra evə gəlirlər və uzanıb yatırlar. Bu da damarlarda həddindən çox ciddi problemlərə gətirib çıxarır. Ürək-damar xəstəliklərinin yaranmasının əsas səbəblərindən biri budur.
 
Müharibədən sonra insanlar uzun müddət yaşadılar, aclıq oldu, yemək az idi, ona görə də bədən müvafiq kalorini sərf edirdi və orqanizm normal çalışırdı. Amma indi insanlar çox yeyirlər, nəfslərinə üstün gələ bilmirlər. İnsanlar az hərəkət edirlər, qısa məsafəni də maşın və ya avtobusla qət edirlər.
 
Təbii ki, bütün bunlar ciddi xəstəliklərə zəmin yaradır. Qidanın keyfiyyət parametrləri də olduqca aktual və vacib məsələdir. Çünki keyfiyyətsiz qidalar da insan orqanizmi üçün böyük fəsadlar törədir”. (“Şərq”)
 

Google+ WhatsApp ok.ru