Böyük qalmaqal: hamımızı izləyirlər?

ABŞ-ın xüsusi xidmət orqanlarının, xüsusilə də Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqat Bürosunun (Federal Bureau of Investigation, FBİ) sosial şəbəkələrin istifadəçiləri ilə mobil rabitə operatorlarının abunəçilərinin yazışmalarını, danışıqlarını və mesajlaşmalarını izlədikləri ilə bağlı iddialar səngimir.
 
Bu ilin əvvəllərinədək hər şey iddia səviyyəsində idi. Lakin ABŞ-ın Federal Təhqiqat Bürosu (FBİ) Apple korporasiyasına müraciət edərək, terrorda suçlanan iki şəxsin iPhone smartfonlarına girişin əldə olunması üçün parol və şifrələri tələb edəndən sonra qalmaqal yaranmışdı.
 
 
Apple bu şifrələri verməkdən qətiyyətlə boyun qaçırandan sonra FBİ İsraildən olan hakerlər vasitəsilə sanksiyasız girişə nail olmuş, iki şəxsin konfidensial yazışmalarını, fərdi məlumatlarını və digər məlumatları əldə etmişdi.
 
Daha sonra iddialar dolaşdı ki, ABŞ-ın kəşfiyyat və əks-kəşfiyyat strukturları ən böyük, ən populyar poçt servislərinə, sosial şəbəkələrə, messencer proqramlarının sahiblərinə məxsusi sorğular yollayaraq bütün (!) istifadəçilərin parol və şifrələrini tələb edib.
 
 
Bu nə deməkdir, bilirsinizmi?
 
FTB, habelə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyi (MTA) istənilən an istənilən şəxsin - dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq - elektron poçt yazışmalarını, messencerlə yolladığı mesajları, Facebook, Instagram və ya Twitter-dəki "İnbox", yaxud "Direct" konfiqurasiyalı ünsiyyəti barədə müfəssəl məlumatları əldə edə bilər.
Yəni artıq yazışma, ünsiyyət məxfiliyi qalmır, məlumatların fərdi torxunulmazlıq prinsipi pozulur.
 
Bütün bunlar ABŞ qanunvericiliyi çərçivəsindədir, çünki beynəlxalq terrorizmlə mübarizə tədbirlərinin gücləndirilməsi sahəsində effektiv addımların atılmasını "asanlaşdıran", 2015-ci ildə qəbul olunmuş "Azadlıq Aktı" (USA Freedom Act) buna tam legitim, qanuni imkanlar yaradır.
 
Google, Facebook, Yahoo kimi nəhəng korporasiyalar indiyədək belə tələbləri açıqlamır, istifadəçilərin konfidensial məlumatlarını paylaşmaq istəmədikləri deyir, tələblərlə bağlı bəyanat vermirdilər.
 
Lakin Yahoo-nun səbr kasası hamıdan tez daşıb və korporasiya çox böyük qalmaqala səbəb olan açıqlama ilə çıxış edib.
Yahoo ABŞ-ın Ədliyyə Nazirliyinin və FBİ-ın yolladığı "Milli Təhlükəsizlik Məktubları" (National Security Letters, NSL) seriyalı tələbləri açıqlayıb.
 
Korporasiyanın açıqlamasında bildirilir ki, belə məktubları 2013-cü ildən bəri alırmış. Məktublarda Yahoo-dan istifadəçilərinin ad və soyadları, ünvanları, "nik"ləri, parol və şifrələri tələb olunub.
Tələbdə yazışmaların mətn və məzmunu istənilməyib. 
 

Yahoo onu da vurğulayır ki, tələblərin ümumi sayı 3 olsa da, müxtəlif məsələlərlə bağlı fərqli tarixlərdə edilən müraciətlərin sayı 500-ə yaxınlaşır.
Yahoo korporasiyasının açıqlaması "bomba partlayışı" effekti yaradıb.
 
Sosial şəbəkələrin amerikalı istifadəçilərinin yazdıqlarına görə, artıq heç bir sosial şəbəkə, fotoservis, messencer, elektron poçt və ya digər proqramlarla servis istifadəçilərin fərdi məlumatlarının müvafiq dövlət strukturlarının sorğusu əsasında təqdim edilməyəcəyinə təminat verə bilməz.
"Bu isə çox konkret və sadə bir situasiyadan xəbər verir: hamımızı izləyirlər", - Engadget yazır. (milli.az)
 

 

Google+ WhatsApp ok.ru