Cəlilabadda meşə ərazisində güclü yanğın olub

Cəlilabad rayonunda güclü yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Bəcirəvan kəndində, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə məxsus ərazidə qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 6 ədəd yanğınsöndürmə avtomobili, 73 nəfər yanğınsöndürən və 40 nəfər meşə təsərrüfatı işçiləri cəlb olunub.
 
Onların birgə səyləri ilə yanğın lokallaşdırılmaqla meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın nəticəsində 8 hektar sahədə meşə zolağı, qurumuş ağaclar, kötüklər və kol-kos yanaraq sıradan çıxıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Hadisə ilə bağlı FHN də məlumat yayıb. Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, Cəlilabad rayonunun Bəcirəvan kəndində (rayon mərkəzindən 15 km aralı) meşə bərpası idarəsinə məxsus ərazidə 8 ha sahədə meşə zolağı, qurumuş ağaclar, kötüklər və kol-kos yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb./

Google+ WhatsApp ok.ru