Cənub bölgəsində hava kəskin pisləşib, Yardımlı və Lerik rayonlarına qar yağır - FOTOSESSİYA

Fevralın 17-dən 18-ə keçən gecədən başlayaraq ölkənin cənub bölgəsində hava şəraiti yenidən kəskinləşib.
 
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Masallı, Cəlilabad rayonlarında güclü yağış, dağlıq Yardımlı və Lerik rayonlarına isə qar yağmağa başlayıb. 5-10 santimetr yağan qar ucqar yaşayış məntəqələrinin sakinləri üçün hər hansı ciddi problem yaratmayıb.
 
Masallı-Yardımlı və Lənkəran-Lerik şose yollarına daim nəzarət edildiyindən, nəqliyyat vasitələrinin intensiv hərəkətində məhdudiyyətlər qeydə alınmayıb. Hər iki yolda baş verən xırda torpaq sürüşmələrinin nəticələri isə yol istismar sahələrinin ərazidə növbə çəkən işçiləri tərəfindən operativ aradan qaldırılıb. Həmçinin qabaqlayıcı tədbir kimi yollara  qum və duz səpilib.
 
Dağ rayonlarının sakinləri qardan sonra güclü şaxtaların olacağını, nəticədə bunun meyvəçiliyə mənfi təsir göstərəcəyini istisna etmirlər. Onların qənaətincə, havaların isti keçməsi nəticəsində tumurcuqlayan, çiçək açan  meyvə ağacları donvurmaya məruz qala bilər. Bu isə meyvəçilikdə məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarar.
 
Lənkəran, Masallı və Astara rayonlarında güclü yağış çaylarda sululuğun səviyyəsini artırıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bölgədə qeyri sabit hava şəraiti fevralın 22-nə kimi davam edəcək. Yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Temperaturun ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı düşəcəyi, çaylarda sululuğun artacağı gözlənilir. Talış dağlarında gecə mənfi 2-7 dərəcə şaxta, gündüz isə mənfi 2 dərəcədən müsbət 2 dərəcəyədək isti olacaq.
 
Hazırda bölgədə yağmurlu hava şəraiti davam edir.

Google+ WhatsApp ok.ru