Cərimə olunmaq bir dərd, onu ödəmək başqa dərd...

Sürücülər üçün problemə çevrilmiş elektron protokol sistem düz 2 ildir ki, normal işləmir. Halbuki, qanunvericiliyə görə, elektron prokol tərtib olunandan bir neçə dəqiqə sonra sürücülərə cərimə ödəmək imkanı yaradılmalıdır.
 
Maide.az xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib.
 
Ekspertin sözlərinə görə, burada əsas problemlərdən biri elektron protokolun ödəniş sistemlərinə yerləşdirilməməsi və sürücünün cəriməni ödəyə bilməməsidir. Hətta təbliğat aparılır ki, guya bu halda və ümumiyyətlə, elektron protokol olduqda sürücü DYP orqanına gedib, bunu təsdiqlətməlidir və s.
 
Lakin Ə.Hüseynov qeyd edib ki, əslində isə qanunvericiliyin bununla bağlı tələbi birmənalı və qətidir: "Elektron protokol dərhal tərtib edilməli və dərhal "ASAN ödəniş" sisteminə ötürülməlidir. Bu, o deməkdir ki, sürücü qaydanı pozduqdan bir neçə dəqiqə sonra cəriməni ödəmək imkanına malik olmalıdır. Bütün dünyada bu sistem belə qurulub və qanunvericiliyimiz də bunu belə təsbit edib. Düzdür, bu halda ödənişi etmək sürücünün öz seçimidir. Çünki qanuna əsasən, hüquqi nəticə doğuran fakt elektron protokolun kağız daşıyıcıda sürücüyə çatdırılmasıdır. Yalnız bundan sonra müvafiq hüquqi proses başlayır: qərar qanuni qüvvəyə minir, cəriməni ödəmənin müddətinin axımı başlayır, gecikmə olduqda hüquqi nəticələr meydana çıxır və s. Amma qanun deyir ki, sürücü qanuni qüvvəyə minməyən qərarı da icra edə, yəni cəriməni ödəyə bilər. Ona bu imkan yaradılmalıdır".

Google+ WhatsApp ok.ru