CƏHƏNNƏM DƏYİRMANI

CƏHƏNNƏM DƏYİRMANI

-- Bu dəyirmanın yemi (üyütdüyü şey) nədir?

Günahkarların cəzalandırılması üçün kifayət edən cəhənnəm odu elə bir oddur ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edir[1] və zahirdən əlavə, batini də yandırıb-yaxır. Amma bəzi cəhənnəm əhli bu dünyada öz mövqe və məqamlarından sui-istifadə etdiyi üçün, həmin əzabdan əlavə, digər ağır əzablara da düçar olacaqlar. İmam Əli (ə) buyurur:

انَّ فى جَهَنَّمَ رَحىً تَطْحَنُ، افَلا تَسْئَلُونى ما طَحْنُها؟ فَقيلَ لَهُ: فَما طَحْنُها يا اميرَ الْمُؤْمِنينَ؟ قَالَ: الْعُلَماءُ الْفَجَرَةُ، وَ الْقُرَّاءُ الْفَسَقَةُ، وَ الْجَبابِرَةُ الظَّلَمَةُ، وَ الْوُزَراءُ الْخَوَنَةُ، وَ الْعُرَفاءُ الْكَذَبَةُ ...؛

“Cəhənnəmdə həmişə işləyən bir dəyirman var (ki, beş zümrəni buğda kimi üyüdəcək!) Heç soruşmursunuz ki, bu dəyirman nə üyüdür (və onun qidası nədir)? Soruşdular: “Ey Əmirəlmöminin! “Bu dəyirmanın yemi (üyütdüyü şey) nədir?”[2]

Həzrət onların cavabında beş zümrənin adını çəkir:

1. ألْعُلَماءُ الْفَجَرَةُ – Birinci zümrə azğın, dünyapərəst, təqvasız, əməlsiz, sözü ilə əməli düz olmayan alimlərdir. Onlar əllərində çıraq tutub insanlara həqiqi yolu və dini maarifi göstərdiyi, bir sözlə, onların etimad etdiyi şəxslər olduqları halda, əlində çıraq oğurluq edən oğru kimi azğındırlar. İmam Həsən Əskəri (ə) təkanverici bir rəvayətdə belə alimləri Yezidin ordusundan təhlükəli adlandırmışdır![3]

Əməlsiz, təqvasız və dünyapərəst alim elminə əməl etməsə də, xalq elminə görə ona ehtiram göstərib sözlərinə aldanır. Təqvasız olduğuna görə, belə alimin İslama vurduğu zərbəni heç bir cahil vura bilmir. Buna görə də, nə vaxt söhbət təqvadan gedirsə, elmlə yanaşı olan təqva nəzərdə tutulur. Elm və təqva bir-birindən ayrı olduqda, nəinki faydası olmayacaq, əksinə zərəri olacaqdır. Eləcə də,elm və bilikdən söhbət gedəndə, məqsəd əməllə yanaşı olan elmdir.

Əməlsiz və dünyapərəst alim elmli olduğuna görə xalqı aldatmağı hamıdan yaxşı bacarır. Belə alimin dinə xeyri dəyməz. Ona görə də onların hiyləsinə aldanmamaq, onların tələsinə düşməmək üçün ehtiyatlı olmaq lazımdır. Buna görə də, təqva və bilik birlikdə olanda faydalı olur, fərdlərin və cəmiyyətin səadətinə xidmət edir.

2. والْفُقَراءُ الْفَسَقَةُ – Cəhənnəm dəyirmanın üyütdüyü ikinci zümrə fasiq, aşkar günah etməkdən çəkinməyən qarilərdir. “Azğın alimlər”lə “fasiq qarilər” arasındakı fərq bundan ibarətdir ki, Quran qariləri camaata yalnız Quranı öyrədir və Quran müəllimləri sayılırlar. Azğın alimlər isə digər elmlərdə camaatın müəllimi hesab edilirlər. Əgər onlar fasiq olarsa, cəmiyyətə zərərləri daha çox olar. Onların vəzifə və məsuliyyəti mühüm olduğu və insanların, məxsusən, gənclərin ruhu və qəlbi ilə işlədikləri üçün əzabları da ağır və şiddətlidir.

3. والْجَبابرَةُ الظَّلَمََةُ – Üçüncü zümrə zülmkar hakimlərdir. Bu zümrənin təhlükəsi azğın alim və fasiq qarilərdən sonrakı mərhələdə yerləşir. Çünki onlar camaatın əqidəsini dəyişir, zülmkar hakim və rəhbərlər isə camaatın cisim və bədəninə zülm edirlər.

4. والْوُزَراءُ الْخَوَنََةُ – Zülmkar vəzirlər də cəhənnəm dəyirmanının qidası, yemi olacaqlar. Vəzirlərə xain, hakimlərə isə zalım deyilməsinin səbəbi odur ki, xain vəzirlər həm öz rəhbərlərinə xəyanət edərək onlara əyri yolu doğru yol kimi göstərir, həm də özləri və öz xalqlarına xəyanət edirlər.

5. والْعُرَفاءُ الْكَذَبَةُ – Beşinci zümrə yalançı ariflərdir. Burada ariflər dedikdə, hər bir sahənin mütəxəssisləri, məxsusən, müxbirlər nəzərdə tutulur. Yalan danışan və həqiqəti əks göstərən kütləvi informasiya vasitələri bu təbirə aiddirlər; elə informasiya vasitələri ki, yaxşılıqları, gözəllikləri və doğru yolu göstərmək və təbliğ etmək əvəzində, aludəlikləri, çirkinlikləri, yalan xəbərləri və əyri yolları təbliğ edir, xalqı müxtəlif bədbəxtliklərə düçar edirlər.

Yeri gəlmişkən, bu hədisdən məlum olur ki, cəmiyyət bu beş zümrə mehvərində dolanır. Əgər onlar islah olunsa və doğru yolda qədəm götürsə, cəmiyyət də islah olunar, yox, əgər azğınlığa düşsə, cəmiyyət də azğınlığa düşəcək. Onların azğınlıq nöqtəsi bir məsələdir, o da şəxsi mənafei ictimai mənafedən, maddi dəyərləri ilahi dəyərlərdən üstün tutmaqdır! (“İmam Əlidən (ə) 110 ibrət dərsi”, Ayətullah Məkarim Şirazi, 8-ci dərs.)

(Maide.Az)

 



[1] “Hüməzə” surəsi, ayə 7.

[2] “Mizanul-hikmət”, 2-ci cild, səh.351, fəsil 779, hədis 3556.

[3] “Quranın gözəl misalları”, 1-ci cild, səh.230.

 

Google+ WhatsApp ok.ru