Cahangir Hacıyev “bandotdel”də nələr görüb?

Cahangir Hacıyev “bandotdel”də nələr görüb?

 
Keçmiş bankirin "Nardaran işi" üzrə həbs olunmuş Abbas Hüseynovun məhkəməsində dindirilməsi tələb olundu
 
“Nardaran işi” üzrə həbs olunanlardan biri Abbas Hüseynov Baş prokurorun birinci müavini Rüstəm Usubovun qərarından məhkəməyə şikayət edib. Söhbət Abbas Hüseynovun həbs olunarkən və sonrakı günlərdə məruz qaldığı işgəncələrlə bağlı Baş Prokurorluğa ünvanladığı müraciətlə bağlı qəbul olunmuş qərardan gedir. Rüstəm Usubovun qərarına əsasən, işgəncə iddiaları ilə əlaqədar cinayət işi başlanması rədd olunub.
 
Sentyabrın 5-də Səbail Rayon Məhkəməsində A.Hüseynovun şikayətinə baxılıb. Hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə iclasında həbsdə olan A.Hüseynovun özü də iştirak edib. O, 2015-ci il noyabrın 26-da Nardaranda saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə aparılarkən maşında, ardınca da idarədə məruz qaldığı işgəncələrdən danışıb.
 
A.Hüseynovun vəkili Fariz Namazlı məhkəmədə müəyyən şəxslərin məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıb. Müdafiəçi Nardaran əməliyyatı zamanı həbs olunmuş və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində A.Hüseynovla birlikdə mühakimə olunan 16 nəfərin dindirilməsini istəyib. Bildirib ki, həmin şəxslər Abbasa verilən işgəncələrin şahidi olublar.
 
F.Namazlının daha bir vəsatəti Beynəlxalq Bankın keçmiş rəhbəri, həbsdə olan Cahangir Hacıyevin şahid qismində dindirilməsi barədə olub: “Çünki Cahangir Hacıyev ”bandotdel”də saxlanıldığı vaxt Abbas Hüseynovun kamera yoldaşı olub. O, Abbasın kamerada hansı vəziyyətdə çıxarılıb, sonradan hansı vəziyyətdə geri qaytarıldığını görüb”.
 
Vəkilin vəsatətlərinin heç biri təmin olunmayıb.
 
Bu iş üzrə cavabdeh kimi, qarşı tərəfi Bakı şəhər prokurorluğunun əməkdaşı Ehtiram Baxşəliyev təmsil edib. O, A.Hüseynovun iddiasının əsassız olduğunu bildirib və təmin olunmamasını xahiş edib.
 
Hakim qısa müşavirədən sonra iddianın təmin olunmadığını elan edib.
 
F.Namazlı “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.
 
A.Hüseynov işgəncələrlə əlaqədar Baş prokuror Zakir Qaralova müraciət edib. Baş prokuror müraciətin araşdırılmasına göstəriş verib, Qaralovun köməkçisi A.Hüseynovla görüşüb, şikayətini dinləyib. Lakin araşdırmaların nəticəsi olaraq, Baş prokurorun I müavini Rüstəm Usubovun 16 iyun 2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilib. Prokurorluq hesab edib ki, A.Hüseynova qarşı hər hansı cinayət törədilməyib. /

Google+ WhatsApp ok.ru