Canavar hücumuna məruz qalmış uşaqların atası həkim biganəliyindən şikayətlidir

Ailəsi canavar hücumuna məruz qalmış Cəlilabad rayonunun Buravar kənd sakini narazılıq edib.

Kənd sakini Yusif Şahmarov Trend-ə bildirib ki, dünən evlərinə hücum edən canavar 1 oğlunu - Vusal və 3 qızını - Əfsanə, Aygün, Aygülü yaralayıb. Yaralılara ilk tibbi yardım Ləkin kənd xəstəxanasının həkimləri tərəfindən göstərilib. Ancaq onlar bu gün dişləməyə qarşı vaksin vurdurmaq üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gediblər.

Y.Şahmarov deyib ki, yaralılara vaksin qan analizi aparılmadan vurulub: “Qızlarımdan biri hamilədir. Mən onlara dedim ki, analizi götürün, sonra vaksin vurun ki, birdən allergiya olar. Ancaq onlar bunun üçün pul istədilər. Həm də dedilər ki, vaksin çatışmır. Növbəti 3 və 7 gün ərzində yenidən vaksinlər vurulmalıdır. Ancaq indi növbəti vaksinlərin necə vurulacağını bilmirəm. Bunun üçün gərək yuxarı qurumlara şikayət edim”.

Xatırladaq ki, kənd sakini Y.Şahmarovun ailəsi dünən gecə canavar hücumuna məruz qalıb. Valideynlər təsərrüfat işləri ilə əlaqədar həyətdə olarkən uşaqlardan biri canavarın yaxınlaşdığını görüb və əlindəki vedrəni ona tərəf tullayaraq evə qaçıb. Canavar uşağın arxasınca evə girib, otaqda televizora baxan digər uşaqlara da hücum edib, uşaqlardan birini aparmağa çalışıb.

Uşaqların səsinə gələn valideynlər canavarı öldürüblər. /

Google+ WhatsApp ok.ru