İcbari tibbi sığorta haqqı bəlli oldu

Azərbaycanda yaxın vaxtlarda tətbiq olunacağı gözlənilən icbari tibb sığortanın şərtləri, təqribən də olsa, müəyyənləşib:

Fins.az saytı yazır ki, İlkin şərtlərə görə, əməkqabiliyyətli hər bir vətəndaş icbari tibbi sığorta fonduna ayda orta hesabla 5-10 manat, işəgötürənlər isə hər işçiyə görə 10-12 manat ödəyəcəklər. Əhalinin bir hissəsi isə icbari tibbi sığorta haqqı ödəməkdən azad olunacaq.

İcbari tibbi sığortanın 3 mənbədən maliyyələşəcəyini yazan sayt baş nazirin müavini Əli Əhmədova istinadən bildirir ki, icbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı əsasən büdcənin üzərinə düşəcək.

 

İşəgötürənlərin, yəni şirkətlərin bu prosesə pul ayırmasının vacibliyinə gəlincə, Ə.Əhmədov bildirib ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsindən daha baha başa gəlir və bu vəziyyətdə ən yaxşı üsul mütəşəkkil formada icbari tibbi sığortadır. Baş nazirin müavininin dediklərindən aydın olur ki, işəgötürənlər icbari sığortaya əməkhaqqının 2-2.5%-i qədər ödəniş etməli olacaqlar.

Baş nazirin müavini bildirib ki, əhalinin bir hissəsi icbari sığorta fonduna ödəmələrdən azad olacaq: "Uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar. Bu isə təxminən 3-3,5 milyon insan deməkdir".

Əmək qabiliyyəti olanlar isə bu vəsaiti ödəməli olacaqlar: "Əgər cavan bir insan illərlə həkimə müraciət etmirsə, bu onu icbari sığorta ödəməsindən boyun qaçırmağa sövq etməməlidir. O, bu gün daha çox müalicəyə ehtiyacı olan insanlara yardım edir ki, özü yaşlananda icbari sığortadan istifadə etməyə mənəvi haqqı çatsın". /

 

Google+ WhatsApp ok.ru