Cüdoçularımız `Böyük Dəbilqə` turnirində mübarizəyə başlayacaq

Cüdoçularımız `Böyük Dəbilqə` turnirində mübarizəyə başlayacaq

Azərbaycan 12 idmançı ilə təmsil olunacaq
 
Bu gündən BƏƏ-nin paytaxtı Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.
 
Verilən məlumata görə, oktyabrın 30-dək davam edəcək yarışda Azərbaycan 6 çəkidə 12 cüdoçu ilə təmsil olunacaq.
 
60 kq çəkidə Mehman Sadıqov ilk görüşünü almaniyalı Flip Qrafa qarşı keçirəcək. Eyni çəkidə çıxış edən Oruc Vəlizadənin rəqibi isə fransalı Vinsent Manques olacaq. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan qoşulacaq.
 
66 kq-da İlqar Müşkiyev və Vüqar Şirinli mübarizə aparacaq. Müşkiyevin rəqibi moldovalı Denis Vyeru olacaq. Şirinli isə portuqaliyalı Serxiu Oleiniklə üz-üzə gələcək.
73 kq-da mübarizə aparan idmançılar sırasında Azərbaycanı Rüstəm Orucov və Fəqan Quluzadə təmsil edəcək. Orucovun 1/8 finalda rəqibi olmadığından o mübarizəyə 1/4 final mərhələsindən start verəcək. Quluzadə isə yoluna davam etmək üçün pakistanlı Nadeem Akramdan üstün olmalıdır. Maraqlı məqam ondan ibarətdir ki, Quluzadə mərhələ keçəcəyi təqdirdə yarımfinal uğrunda Orucovla görüşməlidir.
 
81 kq çəkidə Elvin Əhmədli 1/16 finaldan başlayacaq. O, növbəti mərhələyə yüksəlmək üçün almaniyalı Benjamin Munnixlə qarşılaşacaq. Qalib cüdoçu 1/8 finalda rusiyalı İvan Vorobevə rəqib olacaq. Ruslan Fərruxzadə 1/8 finaldan başlayacaq və ilk görüşünü monteneqrolu Srdjan Mrvalyeviçə qarşı keçirəcək.
 
90 kq çəkidə Tural Səfquliyev 1/8 finalda Seyşel adalarını təmsil edən Nantenayna Finesslə münasibətlərinə aydınlıq gətirəcək. Qalibin növbəti mərhələdəki rəqibi serbiyalı Aleksandr Kukolj olacaq. Bu çəkidə yarışacaq digər idmançı Firudin Dadaşovun rəqibi isə serbiyalı Nemanya Maydovdur.
 
100 kq çəkidə Elxan Məmmədov və Cəlil Şükürov yarışacaq. Məmmədov mübarizəyə 1/4 finaldan qoşulacaq. Onun rəqibi qazaxıstanlı Aybek Serikbayev və pakistanlı Vayahat Sarvar arasında keçiriləcək görüşün qalibi olacaq. Şükürov yarımfinala yüksəlmək üçün xorvatiyalı Zlatko Kumriçi yenməlidir.
 
Proqrama əsasən bu gün 60 kq və 66 kq, sabah 73 kq və 81 kq, oktyabrın 30-da isə 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəkilərdə görüşlər keçiriləcək.
Qeyd edək ki, yarışın mükafat fondu 154 min dollardır. "Böyük Dəbilqə"də 34 ölkədən 157 cüdoçu itirak edəcək. Onlardan 96-sı kişi, 61 isə qadın idmançıdır. (report) /

Google+ WhatsApp ok.ru