Coğrafiya İnstitutunun direktoru: “Azərbaycanın təxminən 12 faizi Avropa qitəsində yerləşir”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı ilə “Avropa və Asiya qitələrinin sərhədi Azərbaycandan keçir” mövzusunda elmi konfrans keçirilib.
 
APA-nın xəbərinə görə, konfransda çıxış edən Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov xatırladıb ki, gələn il Azərbaycanda Avropa Oyunları keçiriləcək və yarışlarda 6 minə yaxın idmançı, çoxlu sayda media nümayəndəsi, on minlərlə turist iştirak edəcək. O bildirib ki, Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycanın sosial-iqtisadi inkişafı ilə əlaqədar deyil: “Burada vacib amillərdən biri kimi ölkəmizin ərazisinin bir hissəsinin Avropa qitəsinə düşməsi də nəzərə alınıb. Qonaqların əksəriyyəti bu tədbirin nə üçün Azərbaycanda keçirilməsi ilə maraqlanacaqlar. Biz gələn qonaqlara tariximizi, mədəniyyətimizi, iqtisadi nailiyyətləri göstərməklə bərabər, onlara vətənimizin coğrafiyasını da anlatmalı, suallara tutarlı cavablar verməli və iki qitənin coğrafi sərhədinin vaxtilə yanlış müəyyənləşdirildiyini sübut etməliyik. Mövzu üzrə dünya alim və ekspertlərinin əksəriyyətinin rəyi və bizim araşdırmalarımız Qafqaz bölgəsində Avropa və Asiya qitələri sərhədinin şimalda Kuma-Manıç çökəkliyindən deyil, Baş Qafqaz sıra dağlarının suayrıcı xətti ilə və sonra Abşeron yarımadası boyunca keçdiyini göstərir. Bu halda ərazimizin təxminən 12 faizi Avropa qitəsində yerləşir. Bununla da Azərbaycan transkontinental, yəni ərazisi iki qitədə yerləşən ölkə statusuna malik olur ki, bu da ölkəmizin Rusiya (23 faiz) və Türkiyə (3 faiz) kimi Avropa ölkəsi sayılmasına və Avropa Oyunlarının Bakıda keçirilməsinə tam əsas verir”.

Google+ WhatsApp ok.ru