`İcra başçısının nə dövlət sirri var ki...” - Hərbi vəziyyət haqda sərəncama fərqli baxış

Prezident İlham Əliyevin Azərbaycanın informasiya təhlükəsizliyinə hesablanan və düşmənlə təmas xətində bəzi təhlükəsizlik tədbirlərini özündə ehtiva edən sərəncam imzalaması hökümətin üzərinə çox ciddi məsuliyyət qoyur.
 
Nazirlər Kabineti 1994-cü ildə qəbul olunmuş "Hərbi vəziyyət haqqında” qanunu yeni redaksiyası da hazırlamalı və 3 ay ərzində bu qanun qəbul edilməlidir. Əslində sərəncamdan bir neçə gün əvvəl Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvləri eyni mövzu ətrafında toplaşmışdılar. Onlar Mİlli Məclisin sentyabrın 30-da keçirilən payız sesiyasının açılış iclasında ölkənin təhlükəsizlik məsələləri ilə bağlı səsləndirəcək təkliflərini müzakirə etmişdilər.
 
Millət vəkili Səyavuş Novruzovun sözlərinə görə, sentyabrın 30-u nəzərdə tutulub ki, parlamentin iş planı təsdiq olunanda bu məqamlara da diqqət yetirilsin: "Lakin cənab prezidentin sərəncamı çox əhatəli şəkildə bunları əhatə edir. Sərəncamda birbaşa göstəriş var ki, "Dövlət sirri haqqında” qanundakı müddəalar sərtləşdirilsin və prezident də qanunvericilik təşəbbüsü ilə çıxış edə bilir. Bu baxımdan da cənab prezident tərəfindən də Mİlli Məclisə təqdim olunacaq”.
 
Hərbi sirr haqqında qanunun sərtləşdirilməsi və prezidentin sərəncamından doğan digər məsələlər təbii olaraq hər kəsi müharibə ehtimalı haqqında da düşünməyə sövq edir. Doğurdanmı istənilən an hərbi vəziyyət elan edilə bilər? 
 
Millət vəkili Zahid Oruc belə düşünmür. Onun fikrincə, bunun arxasında hökümətin hər hansı niyyəti gizlənmyib. Məqsəd sadəcə ölkənin informasiya təhlükəsizliyini qorumaqdır.
 
"Azərbaycan özünün mülki-ictimai həyatını, quruculuq tədbirlərini bundan sonrakı dövrdə də eynilə davam etdirəcək. Amma lokal ərazilərdə, hərbi vəziyyət şəraiti yarana bilərmi? Bu çox realdır. Toqquşmalar elə bir səviyyəyə çata bilər ki, - konkret Ağdam bölgəsində, Tərtər ərazisində hərbi vəziyyət elan oluna bilər”, deyə Zahid Oruc bildirib.
 
Bəs, qanunun sərtləşdirilməsi mətbuata senzura tətbiqinə yol açmır ki? Yəni sabah hansısa, bir məmur qanunu əsas gətirərək ən adi informasiyanı da verməkdən imtina edə bilərmi?
 
Millət vəkili Aqil Abbas hesab edir ki, hazırda senzuranın tətbiqini heç kim deyə bilməz: "İkincisi, millət vəkili olsun və ya bir nazir olsun, dövlət sirrini açıqlaya bilməz. Dövlət sirrinin anlayışı var. "Dövlət sirri haqqında” qanun çap olunub. Məsələn, deyək ki, icra başçısının nə dövlət sirri var ki”.
 
Hər halda, informasiyanı birinci əldə etmək əla hissdir. Jurnalist olanlar bunu yaxşı bilir. Amma bir şey də var. Heç nə vətənin təhlükəsizliyindən yaxşı ola bilməz. Bunu da bilməyimiz lazımdır.
 
Bundan əlavə, sərəncama əsasən, ölkə başçısı tərəfindən müdafiə məsələləri üzrə əlaqələndirmə şuraları, Nazirlər Kabineti, Prezident Administrasiyası və Mətbuat Şurasına da bir sıra tapşırıqlar verilib. 
 
Bu qurumların sərəncamla bağlı fəaliyyətlərini növbəti buraxılışlarımızda izləyəcəyik.

Google+ WhatsApp ok.ru