İctimaiyyət Araz Quliyev və digərlərinə qarşı işgəncələri qınadı

Dekabrın 22-də 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Elşad Babayev müxtəlif bədən xəsarətlərindən dünyasını dəyişmişib, onun ailəsi məhbusun həbsxananın nəzarətçiləri tərəfindən döyüldüyünü bildirib.

Bu olaydan sonra həbsxanada olan bütün məhbuslar bu işgəncələrə son qoyulması üçün aksiya keçirmiş, lakin həbsxana rəhbərliyi  məhbusları cəza kameraları və "Tubzon"a göndərməklə "zon"da sakitçilik yarada bilmişlər. Cərimə kamersına salınan məhkumlar arasında bir neçə islamçı məhbus da var. Onlardan  baş-redaktor Araz Quliyev və hicab məhbusu Anar Qasımlı "Tubzon" deyilən həbsxanaya xüsusi təyinatlılar vasitəsilə aparılıb. Adı çəkilən həbsxanaya da A.Quliyev və A.Qasımlı daxil olmaqla, ümumilikdə 25 məhbus aparılıb. Bu cəzaçəkmə müəssisəsində onlara qarşı işgəncə verildiyi bildirilir.
Cenubnews.com İnternet Qəzeti baş vermiş qanunsuzluqla bağlı ictimai-siyasi şəxslərdən münasibət öyrənib.
 
Araşdırmaçı-yazar Vüsal Nadiroğlu:"14 saylı CÇM-də ölüm hadisəsini mətbuatdan öyrəndik. Daha sonra bir qrup məhbusun ( Araz Quliyev və digərləri) döyülərək öldürülmə məsələsinə etiraz etdiyini bildik. Bu fakt həmin CÇM-dən əfv olunaraq azadlığa çıxan vəkil Qurban Məmmədovun müsahibəsində də öz təsdiqini tapdı."Tubzona" aparılan məhbusları yaxınları çox narahatdır. Həmçinin, dünən bir neçə mömin bu məhbusların aqibətində məlumat almaq üçün tubzona getmişdilər. Ədliyyə əməkdaşların hər şeyin yaxşı olduğunu deyiblər. Amma faktiki olaraq məhbuslarla görüş verilməyib. Onların xüsusi müalicə periodu keçdiklərini bildiriblər və görüşün hələlik qadağan olduğu deyilib. Təbii ki, narahatçılıq davam edir. Çünki, konkret bir açıqlama yoxdur.

Belə məqamlarda Penitensiar xidmətin əməkdaşları rəsmi şəkildə qənaətbəxş bəyanat verməlidirlər ki, məhbuslarla bağlı heç bir narahatlıq yoxdur. Əgər o məhbuslarla bağlı hər hansı xoşagəlməz hadisə baş verərsə, bu cəmiyyətdə böyük ajetaj yaradacaq. Bu hadisənin acı nəticəsi yeni problemlərə yol açacaq."

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun numayəndəsi İdrak Abbasov:"Ümumiyyətlə Araz Quliyev və digər vicdan məhbusları hakimiyyətin girovlarıdırlar. Çox təəssuf ki, legitim olmayan hakimiyyət heç bir beynəlxalq və yerli qanunu da tanımır, bu səbəbdən belə hakimiyyətdən istənilən qeyri-insani addımlar gözləniləndir. Hakimiyyət girovda saxladığı şəxsləri mənən sındıra bilməyəndə onların fiziki məhvinə nail olmaq istəyir. Bu istiqamətdə geniş praktikaları da var. Həbsdə olan bir neçə vicdan məhbusu məhz qeyri insani davranışın nəticəsi olaraq bu zamana qədər dunyasını dəyişib. Habelə, hakimiyyət yalnız vicdan məhbusları deyil, digər məhbuslara da amansız davranır. Təsəvvür edin ki, kameranın nəfəsliyi bele pulla açılırsa, ərzaq, görüş rüşvətlə verilirsə, daha nə deyəsən. Sözsüz ki, vicdan məhbuslarına qarşı münasibət daha amansızdır. Biz əlimiz çatan bu haqsızlıqlar və həbsxanadakı son amansızlıqlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırıq. Umidvaram ki, tezliklə hakimiyyətə və ayrı-ayrı vəzifəli şəxslərə qarşı nəhayət sanksialar tətbiq olunacaq. Hazırki mərhələdə isə bütün vicdan məhbuslarına dözüm arzu edirəm və onlar unutmasınlar ki, elə əsil azad insanlar onlardır. Onların adı qanla tarixə yazılır."

"Milli Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Ruhullah Novruzzadə: "Bəziləri ədalətsiz qərarlarından yorulmadığı kimi, bizdə buna etiraz etməkdən yorulmayacağıq. Görünür məlum ölüm hadisəsi plandan uzaq olay olub və gözlənilməz hadisələr gözlənilməz addımlara səbəb olub. Ölüm hadisəsindən öncə məhbus qardaşlarımıza əfv üçün müraciət edilməsi buna sübutdur. Belə görünür ki, 14 saylı CÇM-də baş verən qanunsuzluqların səbəbini içlərində islamçı məhbuslarında olduğu qrupu göstərməyə səylər gedir. 

Bəlkədə bu əfvi qəbul etməyən islamçı məhbuslardan intiqam alma prosesidir. Möminlərin bu hadisəyə göstərdikləri təpki sevindirici haldır. Neçə gündür ki, dəyərli vaxtlarını sərf edib məhbus qardaşlarımızın ailələrinin yanında olub, bununlada ədalətsiz qərarlara etiraz ediblər. Allah bizi məhbus qardaşlarımızın qədrini bilməkdə və bu ağır zamanlarda ailələrinin yanında olmaqda yardımçı olsun."

"İslamazeri.az" İnternet Qəzetinin baş redaktoru Ramin Bayramov: "Tubzon"a iki məqsədlə göndərilməsini mən həbsxanada olanda eşitmişdim. "Tubzon"a ya həqiqətən vərəm xəstəliyinə tutulan məhbusları müalicəyə, ya da "gözlər üstündə olan" məhbusları "cəza"landırmaq məqsədilə göndərirlər. Hər bir halda istənilən məhbus, xüsusilə jurnalist, vicdan məhbusuna qarşı belə bir haqsızlığa etiraz edirik, Penitensiar Xidmətdən də bu qanunsuzluqları dayandırmağı tələb edənlərə qoşuluruq."

AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilov: "İstər müəssisədə baş verən faciəvi hadisə-məhkumun ölümü, istər də ondan sonra baş verənlər sözün əsl mənasında dəhşətdir. Belə aydın olur ki, bizim cəzaçəkmə müəssisələri sözün əsl mənasında cəza, işgəncə aparatıdır. Çox təəssüf ki, ölkədəki qeyri-qanuni hakimiyyətin, şəffaflığın olmaması səbəbindən biz türmələrdə insanların başına gətirilən oyunlardan zülmlərdən lazımınca xəbər tuta bilmirik. Bu qeyri şəffaf sistem isə bizi idarə edənlərin işinə yarayır və onlar istədiklərini edə bilirlər. Kefləri istəyəni döyür, öldürür və ləyaqətini alçaldır. Son baş verənlər də təsadüfü hal deyil. Əminəm ki, ölüm hadisəsi ilə bağlı cinayət istintaq orqanları tərəfindən mahircəsinə ört basdır ediləcək. Cinayətkarlar yenə kənarda qalacaq. Məlum hadisədən sonra dustaqlara divan tutulması barədə də məlumatlardan xəbərdaram. Bunları qanunsuzluq hesab edirəm. Hakimiyyətin borcudur ki, hətta qanunu pozan insanlara qarşı hüquq dilində davransın. Bu onların birbaşa vəzifə borcudur. Ümid edirəm ki, medianın və vicdan hissini itirməyən sağlam təməlli qeyri-hökumət təşkilatları baş verənləri daimi diqqətində saxlayaraq, problemin daha da kəskin böhran həddi almasına imkan verməyəcəklər."

Müsavat Partiyası Masallı RT-nın sədri Xasay Səfəroğlu: "Araz Quliyev və digər şərlənərək həbs olunmuş şəxslərə münasibət əvvəldən bəlli idi. Şübhəsiz ki, bu gün siyasi məqsədlərlə şərlənərək həbs olunmuş insanların bu həyatı yaşaması, ümumilikdə Azərbaycandakı insan haqlarının bərbad durumunu göstərir. Son günlər isə 14 saylı cəzaçəkmə müəssəsində baş verənlər, bir gəncin içgəncə verilməklə həyatına son qoyulması bir daha onu göstərir ki, təkcə müxalif fikirli insanlar yox, hamının həyatında təhlükə var. Bu da bütövlükdə insan haqlarına olan anormal münasibətdən doğur. Bu baxımdan məhbusların başqa bir həbsxanaya müəmmalı şəkildə, həm də səbəb olmadan köçürülməsi və bu haqda səhih məlumatın olmaması əlavə narahatlıq yaradır."

Nardaran ağsaqqalı Kərbəlayi Natiq Kərimov: "Ölkədə qanun deyilən bir şey olmalıdır. 14 saylı CÇM-də ölüm hadisəsi baş verib. Məhbusu döyə-döyə öldürüblər. İndi də ictimai-fikri başqa səmtə yönəltmək istəyirlər. Azərbaycanda məhbuslara həmişə işgəncə verilib. Bəzən bu ölümlə nəticələnib. Araz Quliyev və digər islamçı məhbuslara yuxarıdan göstəriş olmasaydı hec vaxt cəza tətbiq edilməzdi. Bu qanunsuzluqlar yuxarıdan gələn əmr və göstəriş əsasında baş verir. Allah dostlarımıza səbr və dözüm versin. Allah zalımların cəzasını versin. Bizlərə də agahlıq nəsib etsin."

"Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının təmsilçisi Oqtay Gülalıyev: "Kimliyindən və işlətdiyi suçdan asılı olmayaraq, insanlara işgəncə verilməsi düzgün hal deyil. Yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmiş şəxsin yalnız azadlığı məhdudlaşdırılır. Onun digər hüquqları əlindən alınmır. Həmin şəxslər öz cəzalarını insan ləyaqətinə xələl gətirməyən səviyyədə və şəraitdə çəkməlidirlər. 14 saylı CÇM-də baş verənlər, məhkum Elşad Babayevin döyülərək qətlə yetirilməsi bir mənalı şəkildə pislənilməlidir. Cinayətin törədilməsində birbaşa və dolayısı iştirak edən hər bir kəs məsuliyyətə cəlb olunmalıdır. Eləcə də qətlin baş verdiyi 22 dekabr tarixindən sonra həmin müəssisədə digər dustaqlara qarşı həyata keçirilən zorakılıqlar yol verilməzdir. Hesab edirəm bütün məsələlər qanun çərçivəsində həll olunmalıdır. Hadisəsən sonra bəzi məhbusların başqa CÇM-lərinə göndərilməsi, "karsa" salınması və Vərəm Dispanserinə göndərilməsi bizi narahat edir. Hesab edirik atılan bu addımlar dustaq yoldaşlarının qətlə yetirilməsinə etiraz edərək həmrəylik nümayiş etdirən məhbusların cəzalandırılması üçün atılan növbəti qanunsuz və zorakı addımdır. Biz "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı olaraq bu addımı pisləyir, həmin məhbuslara qarşı həyata keçirilən təzyiqləri pisləyir, bu təzyiqlərin dayandırılmasını və onlara qarşı normal münasibətin göstərilməsini tələb edirik. Əks təqdirdə baş verəcək hər hansı xoşa gəlməz hadisəyə görə, başda Mədət Quliyev olmaqla Penitensiar Xidmətin rəhbərliyi və hakimiyyət məsuliyyət daşıyır."

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı: "Zamanında mənim özüm də 14 saylı CÇM-də saxlandığım üçün belə özbaşınalıq və qanunsuzluq mənə təəccüblü gəlmədi. Çünki, bu CÇM şəraitinə və daxili idarə etmə mexanizminə görə Azərbaycanda ən pis və qəddardır. Yəni, belə bir yerdə məhbus etirazlarının olması təbiidir. Orada baş vermiş ölüm faktı da dediklərimi bir daha təsdiq edir. Adları bu cinayətdə hallanan bəzi nəzarətçiləri mən şəxsən tanıyıram və onların belə bir əməl edə biləcəklərinə qətiyyən şübhə etmirəm. Bizim "məhbus" dostlarımızı isə bilərəkdən oradan uzaqlaşdırıblar ki, öz qanunsuz əməllərini rahat həyata keçirsinlər və buna heç kim etiraz etməsin. Mən bu dostlarımızın həyatından çox narahatam. Mədət Quliyevin rəhbəri olduğu xidmətdə məhbusların işgəncə verilərək öldürülməsi çox adiləşib. Mən buradan yerli və beynəlxalq hüquq müdafiəsi təşkilatlarına səslənirəm ki, baş verən bu qanunsuzluq və öznaşnalıqla maraqlansınlar. Ən azından bu sahədə Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün hökumətə təzyiqlər etsinlər. Sonda bu gün həbsxanalarda haqsız yerə saxlanılan məhbus qardaşlarımıza və onların ailələrinə Allahdan səbr diləyirəm. Əminəm ki, çox yaxın zamanda bu qanunsuzluqlara səbəb olanlar qanun qarşısında cavab verməli olacaq və o gün çox uzaqda deyil."
 
Qeyd edək ki, Penitensiar Xidmət 14 saylı CÇM-dəki olayla bağlı heç bir açıqlama verməyib./

Google+ WhatsApp ok.ru