İctimaiyyət nümayəndələri: `Qanunda dəyişiklik olmasına baxmayaraq Şeyx Sərdar bu gün də haqsız və günahsız olaraq həsdə qalır`

İctimaiyyət nümayəndələri: `Qanunda dəyişiklik olmasına baxmayaraq Şeyx Sərdar bu gün də haqsız və günahsız olaraq həsdə qalır`

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisinin mayın 16-da keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb və layihə səsə qoyularaq qəbul edilib.

Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla İslam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-nə yeni səlahiyyət verilir. Yeni qanunla indiyə qədər olan tam qadağa məhdudiyyəti qismən də olsa yumşaldıldı.

Lakin yeni qanun müzakirəyə çıxarıldığı gündən qəbul edilən günə qədər ölkə ictimaiyyətini maraqlandıran ən mühüm məsələ bu idi ki, qanun layihəsinin yumşaldılmasına gedən Azərbaycan hökuməti bir neçə aydır namaz qıldığına və cümə xütbəsi söylədiyinə görə həbs edilən ölkənin nüfuzlu və dəyərli ruhanisi Şeyx Sərdar Hacıhəsənlini azadlığa buraxacaqmı?

Halbuki hətta qanun layihəsi müzakirəyə çıxarılmamışdan öncə də Şeyx Sərdar Hacıhəsənlinin həbsi məsələsi qeyri-qanuni hesab edilirdi. Səbəb isə həm Şeyx Sərdarın QMİ-nin bölgə üzrə nümayəndəsinin dəvəti ilə Masallı Cümə məscidində dini ayinləri icra etməsi idi.

Digər bir səbəb isə qanunun geri dönüşünün olmaması ilə bağlı idi ki, Şeyx Sərdar sözügedən qadağanı ehtiva edən qanun layihəsi hələ qəbul olunmamışdan öncə belə xaricdə təhsil alaraq geri dönmüşdü. Eyni zamanda, o, hətta xaricdə dini təhsil almamışdan öncə belə yaşadığı bölgənin Molla Bəylər kimi nüfuzlu ruhanilərindən təhsil alaraq, dini ayinləri icra edirdi.

 

Son qanun layihəsinin qəbulundan sonra Şeyx Sərdar Hacıhəsənlinin həbsinə və bundan sonra baş verə biləcək proseslərə münasibət öyrənmək üçün ictimaiyyət nümayəndələrinə müraciət etdik. Maide.Az-a açıqlama verən Milli Şuranın üzvü, Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli bildirib ki, ümumiyyətlə, bu qanun əvvəldən konstitusiya ilə zidiyyət təşkil edirdi və konstitusiyada insan hüquqlarının ciddi surətdə pozulması idi.

"Yumşaq formada desək, bu qanunda dəyişiklik olunması çox insanların əlindən alındığı hüquqlarının geri qaytarılması ilə əlaqədar olsa da, hələ ki bu məsələ ilə əlaqədar yeganə həbs olunmuş Şeyx Sərdar Hacıhəsənlinin indiki durumuna heç bir təsiri olmayıb. Yəni Şeyx Sərdar bu gün də haqsız və günahsız olaraq həsdə qalır".

R.Əhmədli əlavə edib ki, hesab edirəm ki, Şeyx Sərdarın həbs olunması tamamilə absurd və qanunazidd bir məsələdir. "Əvvala bu qanunun ümumiyyətlə nə qədər ziddiyyətli bir qanun olmasına rəğmən, Şeyx Sərdar kimi xaricdə təhsil alanlara şamil oluna bilməzdi. Ona görə ki, o bu qanun qəbul olunmamışdan əvvəl xaricdə təhsil almışdı və qanunun bu məsələdə geriyə şamil olunması özü düzgün deyildi. İkinci bir tərəfdən də bu günləri bu qanunun bir qədər də yumşalması, artıq Şeyx Sərdarın həbsdən çıxmasına səbəb olmalı idi. Amma görünür, ümumiyyətlə, ölkədə dini camiəyə qarşı, dindarlara qarşı, ruhaniyyətə qarşı, məxsusən də, həmişə dövlətçilik mövqeyində olan, həmişə xalqı öz azadlıqları, öz torpaqları uğrunda mübarizəyə çağıran o dindar və ruhanilər barəsində tətbiq olunub. Bu günləri bu kimi ziyalı ruhanilərimiz, dövlət və millət üçün dəyərli olan ruhanilərimizə qarşı yönələn bu basqılar və ədalətsizliklərin müşahidə olunması olduqca təəccüblü və təəssüfdoğurucudur. İndiki halda düşünürəm ki, Şeyx Sərdar Hacıhəsənli qanunsuz olaraq həbsdən azad olunmalıdr. Onun bu gün həbsdə qalması tam qanunsuz və ədalətsiz bir məsələdir".

Qanunda baş vermiş dəyişikliyə və yumşalmaya toxunan ruhani alim Hacı Əfqan Muradov Maide.Az-a açıqlamasında qeyd etdi ki, hesab edirəm yeni qanun ötən gün qəbul olunduğu üçün, yəqin ki, tez bir zamanda bu dəyişiklik icra olunacaq və Şeyx Sərdar azadlığa çıxacaq.

“Əks-təqdirdə, yəni qanun dəyişildiyi halda, Şeyx azadlığa buraxılmazsa, demək, onun həbsdə saxlanılması üçün əsas gətirilməlidir. Çünki qanunda bu məsələ öz həllini tapıb. Qanunun dəyişdirilməsinə görə sevindim və inşallah, Şeyx Sərdar azadlığa buraxıldıqdan sonra daha çox sevinəcəyik!”

 

Mövzu ilə bağlı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyev Maide.Az-a açıqlamasında bildirib ki, əgər qanunda elə bir yumşalma varsa, əlbəttə, bu təqdirəlayiqdir.

"Amma bunların qanunda yumşalmadan daha çox inanclı insanlara və dindarlara qarşı yumşalması lazımdır. Bu yumşalmanı təəssüf ki, biz hiss etmirik. Əksinə, sərtləşmə hiss olunur. Heç bir günahı olmayan insanı həbs etmək, günahı ancaq xeyirhalıq sərgiləmək, əxlaq və mənəviyyat aşılamaq olan bir insanın həbs olunması absurddur. "Günahı" bu olan şəxs haqqında qanunun yumşalması və sərtləşməsinin heç bir əhəmiyyəti yoxdur. Hakimiyyətin insana, o cümlədən, inanclı insana münasibəti göz önündədir. Hakimiyyət anlamır ki, hər həbs olunan insanın arxasında onun ailəsi var, onun taleyi var, hər bir günahsız həbs olunanın başı üzərində Allahı var. Heç olmasa, ondan gərək qorxsunlar". 

 

Jurnalist Qurban Cəbrail də mövzu ilə bağlı Maide.Az-a açıqlamasında bunları dedi: "Mənim Şeyx Sərdarın həbsi ilə bağlı fikrim birmənalıdır. Yəni nə əvvəlki qanunların mürtəce halında, nə də indiki yumşaldılmış bir vəziyyətdə həmin qanunlara istinad edərək ona hər hansı bir cəza tədbiri tətbiq etmək absurddur.

Görünür ki, bu, sadəcə kimlərinsə istəyindən, arzusundan, daha doğrusu, Şeyx Sərdarın fəaliyyəti ilə bağlı yaranmış və bunu özlərinə bir təhlükə və qorxulu bir tendensiya hiss edən bəzi məmurların istəyindən irəli gəlir.

Qanuna edilən dəyişiklik və yumşalma ilə əlaqədar xaricdə təhsil alanların Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələdə müəyyən qədər irəliləyiş bir daha bunu zəruri edir ki, Şeyx Sərdar tezliklə həbsdən azad olunsun. İnşallah, biz bunu növbəti təyin olunmuş məhkəmədə gözləyirik. Əks-təqdirdə, işin arxasındakı adamlar tədricən özlərini dolaşdıracaq və biabır edəcəklər!”

 

 

Google+ WhatsApp ok.ru