Cütlüklər niyə boşanır?

Cütlüklər niyə boşanır?

Oxu.az"da "Cütlüklər niyə boşanır? -kişi puluna güvənib aldadır, qadın uşağı göstərməməklə hədələyir" sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkədə boşanmalar, bunun səbəbləri və nəticələri barədə vəkil Şəfiqə Nağıyeva ilə söhbətləşir.

Müəllifin deməsinə görə, 2018-ci il ərzində Azərbaycanda 14857 boşanma qeydə alınıb, bunların arasında 1932 cütlüyün nikahı 20 il və daha çox davam edib.

Vəkil Ş.Nağıyeva isə "oxu.az"a deyir ki, tək 20 il deyil, hətta 30 ildən sonra boşananlar da çoxdur: "Hazırda ölkəmizdə boşanmaların sayı artıb. Bunun qarşısını almaq lazımdır. Hazırda boşanmalar daha çox xəyanətlə bağlıdır. Mənə gələn müraciətlərdə qadınların xəyanəti üstünlük təşkil edir. Bütün yaş qruplarında olan qadınlar kişilərə xəyanət edir. Kişi heç ağlına belə gətirə bilmir ki, qadın ona xəyanət edir. Evdə oturan qadınlar belə başqaları ilə gəzir".

Vəkilin deməsinə görə, boşanmalar daha çox telefon, sosial şəbəkələr və orada qoyulan qeyri-etik şəkillərlə bağlıdır, kişilər daha çox xəyanatə uğrayırlar, qadınların başqa kişilərlə mesajlaşması və s. üzə çıxır və məhkəmələrdə də uşaqlar anaların əlindən alınıb atalara verilir.

Ş.Nağıyevanın iddiasına görə, ümumiyyətlə, qadınların sosial şəbəkələrdə biabırçı şəkillər paylaşması və kişi tapmaq üçün nələrsə yazmaları artıb.

Bununla yanaşı vəkil vurğulayır ki, bəzi kişilər isə imkanı olduğu üçün həyat yoldaşına xəyanət edir, evli ola-ola başqa birini saxlayır.

Vəkil əlavə edir ki, ciddi səbəb olmadan, müəyyən narazılıqlar və valideynlərin müdaxiləsi nəticəsində də ailələrin dağılması baş verir və belə hallarda ən çox əziyyət çəkənlərin uşaqlar olduğunu bildirir.

"Ana boşananda uşağı ataya göstərmir. Kişiyə "pul verdikdən sonra uşağı görə bilərsən" şərtini irəli sürür. Həmçinin bəzi qadınlar da aliment ala bilməməkdən əziyyət çəkir", vəkil belə deyir.

Vəkil hesab edir ki, bu vəziyyətdən çıxmaq və alimentlərin verilməsi üçün fond yaradılmalıdır, çünki qaçıb gizlənən, alimenti verməkdən yayınan kişilər çoxdur.

"Fond alimentlərin verilməsində mühüm rol oynayacaq. Heç kim məsuliyyətdən yaxa qurtara bilməyəcək", - vəkil Aliment Fondunun yaradılmasının əsas hədəfini nəzərə çatdırır.

Google+ WhatsApp ok.ru