CƏNNƏT VƏ CƏHƏNNƏM – İNSAN ƏMƏLİNİN NƏTİCƏSİ

CƏNNƏT VƏ CƏHƏNNƏM – İNSAN ƏMƏLİNİN NƏTİCƏSİ

İnsanların çoxu elə düşünür ki, bizi əməllərimizə görə cənnət və cəhənnəmə aparan Allahdır. Bir halda ki, cənnət və cəhənnəm insan etiqadı, əxlaqı və əməlinin nəticəsi və hətta eynilə özüdür.

“Cövşən-kəbir” duasında Allahın mindən çox adı ilə rastlaşırıq. Həmin adların çoxu Allahın məhəbbət və mehribanlığının, sonsuz lütf və kərəminin göstəricisidir. Sözsüz, yer üzündə eşq və məhəbbət ocağı ananın mehr-məhəbbət dolu ağuşudur; bütün varlığını öz övladına minnətsiz və təvəqqesiz sərf edən ana qucağıdır. Lakin azacıq diqqət yetirdikdə, bu mehr-məhəbbətin həqiqi mehr-məhəbbətin – mütəal Allahın sevgisinin müqabilində zərrəcikdən başqa bir şey olmadığının şahidi oluruq.

Əgər bu, bir həqiqətdirsə, bəs, nə üçün bu qədər mehriban olan və güzəşt sahibi olan Allah bəzilərini cəhənnəmə atacaq?!

Əgər bu sualı bir cümlədə cavablandırmaq istəsək, deməliyik ki, Allah-Taala heç kimi cəhənnəmə atmayacaq və belə bir iş Allah-Taalanın müqəddəs zatından uzaqdır. Əksinə, cəhənnəmi özümüz öz əməllərimizlə düzəldirik. Qurani-Kərimin “Yunis” surəsinin 8-ci ayəsində buyurulur:

أُولئِكَ مَأْواهُمُ النَّارُ بِما كانُوا يَكْسِبُونَ

Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir!”

“Təlaq” surəsinin 9-cu ayəsində buyurulur:

وَ ما أَصابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِما كَسَبَتْ أَيْدِيكُمْ

Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.”

Bu ayələrdən başa düşülür ki, insanın yerinə yetirdiyi hər bir əməlin nəticəsi var və insan öz əməl və rəftarının aiqəbit və nəticəsindən qafil olmamalıdır.

Çoxları elə fikirləşirlər ki, əgər bir kəs yaxşı iş görsə, Allah onu cənnətə, pis iş görsə, cəhənnəmə aparacaqdır. Həqiqətdə, cənnət və cəhənnəm etiqadlar, əxlaqi xüsusiyyətlər və əməllərin nəticəsindən başqa bir şey deyil! Başqa sözlə, cəhənnəmin səbəbini yaradan insanların özüdür!

Ürfani nöqteyi-nəzərdən də, cənnət və cəhənnəm insan etiqadı və əməlinin eynilə özüdür. Yalnız ölüm zamanı insanın əməllərinin üzərindən pərdə çəkiləcək və onun əməlinin həqiqəti üzə çıxacaq. Elə bu səbəbdən, Allah-Taala “Zilzal” surəsinin 7-8-ci ayələrində buyurur:

فَمَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ خَيْراً يَرَهُ ؛ وَ مَنْ يَعْمَلْ مِثْقالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).”

Həmçinin “Nisa” surəsinin 10-cu ayəsində yetim malını yemək “cəhənnəm odunu yemək” kimi, başqa bir ayədə isə qeybət etmək “ölmüş qardaşın ətini yemək” kimi qiymətləndirir. Bu da onu göstərir ki, insan cənnət və cəhənnəmdə öz əməlinin həqiqət və batinini görəcəkdir. (“Məadşenasi”, Əllamə Tehrani, 10-cu cild.)

Rza Şükürlü (Maide.az)

 

Google+ WhatsApp ok.ru