DÜNYA İNSANI ALDATMIR, İNSAN ÖZÜ ALDANIR!

DÜNYA İNSANI ALDATMIR, İNSAN ÖZÜ ALDANIR!

İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdırmalı, münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə, alaq otları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. «Dünya axirət üçün tarladır.» Bu Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının sükunət yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yəni o, öz sərmayəsini və bütün səy və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. İmam Əli (ə) də buyurub: «Dünya Allah övliyaları üçün ticarət yeridir

Bir dəfə bir şəxs imam Əlinin (ə) yanında dünyanı pisləməyə başlayır. O, imam Əlinin (ə) dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, imam Əli (ə) dünyanı pisləyəndə, məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə imam Əli (ə) qəzəblənərək belə buyurdu: «Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısanBu çox gözəl bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.

Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir yaşlı qadın süni bəzəklərlə kimisə aldatsın; yəni ağzında dişləri olmadığı halda, süni dişlər düzəltdirsin, saçı töküldüyü halda, süni saç qoydursun və bu kimi işlərlə özünü bəzəyib gəncləşdirsin. Bir nəfər də onun gənc olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının, məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərimin hamısı süni dişlərdir, başımdakı parikdir və s. Bütün bunları açıqcasına dedikdən sonra tərəf müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf müqabil «tökülən dişlərinə qurban olum» desin; «mənim heç bir gözəlliyim yoxdur» deyəndə tərəf müqabil «sən təvazökarlıq edirsən» söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. İmam Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Demək, dünya heç kəsi aldatmır, insan özü aldanır. (“Kamil insan”, Ustad Şəhid Mürtza Mütəhərri, səh.156-158.)

(Maide.az)

 

Google+ WhatsApp ok.ru