İşdən çıxarılan neftçilərin müraciətləri cavabsız qalıb

Dövlət Neft Şirkəti (ARDNŞ) və “Abşeron Qazma Şirkəti” MMC-nin  Azərbaycan vətəndaşı olan 46 nəfəri işdən azad etməsi barəsində məlumat vermişdik. Aldadılaraq işdən azad olunduğunu deyənlər ARDNŞ-a və Prezident Adminitrasiyasına müraciətlər etsələr də, müraciətlər cavabsız qalıb. Bu barədə məlumatı “Bizim Yol” qəzetinin əməkdaşına həmin 46 nəfərdən biri olan Elşən İsayev bildirib. E.İsayevin sözlərinə görə, onları aldadaraq yeni müqaviləyə imza atdırıblar. Yeni müqaviləyə əsasən isə onların iş müddəti sentyabr ayında bitir. Müraciətlərinə cavab verilməyən vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün bir yolları var. Onlar məhkəmə vasitəsi ilə öz hüquqlarını bərpa etmək istəyirlər. 
 
E.İsayev bildirir ki, işdən azad olunmuş 46 nəfərlə 2014-cü ilin martın 3-də bir illik müqavilə bağlanıb: “Biz “Ümid” platformasında çalışırdıq. İki quyu qazmışıq. Həmin quyular yüksək göstəricilərlə işləyirlər. Bizi buna görə mükafatlandırıblar da. Bizim işdən çıxarılmağımızın səbəbi bizə məlum deyil”. İşdən azad olunan 46 nəfərin sırasında qazmaçı, elektirik, maşinist, mühəndis və başqa mütəxəsislər olub.
 
Qeyd edək ki, mövzu ilə bağlı olaraq ARDNŞ-ın Hüquq İdarəsinin rəis müavini Şahin İsmayılbəylidən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı. Bu qurumun münasibətini dərc etməyə çalışacağıq.

Google+ WhatsApp ok.ru