Dəbdəbə var, keyfiyyət yox

«Azadlıq» qəzeti Səhiyyə Nazirliyinin yeni qaydasını tənqid edib. Söhbət aprel ayından etibarən rayonlardan gələn xəstələrin göndərişləri olmadığı təqdirdə paytaxt xəstəxanalarına qəbul edilməməsi ilə bağlı yenidən tətbiq olunan qaydadan gedir.
 
Məqalədə deyilir ki, nazirlik bu mövqeyini rayonlarda diaqnostika mərkəzləri, müasir xəstəxanaların tikilməsi ilə əlaqələndirir: «Səhiyyə Nazirliyinin belə qərar qəbul etməsi vətəndaşın hüquqlarının tapdanmasıdır. Yəni, istənilən şəxs harada müalicə və müayinə olunacağına özü qərar verir. Buna məhdudiyyət qoymaq yanlışıdır».
 
Müəllif yazır ki, Azərbaycanda əhalinin nəinki əyalətlərdəki, heç paytaxtda tibb müəssisələrinə etimadı yoxdur: «Bunun nəticəsidir ki, hər il 100 minlərlə vətəndaş müalicə və müayinə üçün Gürcüstan və İrana üz tutur. Binanın təmirli, avadanlığın müasir olması işlərin keyfiyyətli aparıldığı anlamına gəlmir. Ona qalsa, Azərbaycanda dəbdəbəli məktəb binaları var, amma içində elm yoxdur, dəbdəbəli məhkəmə binaları var, içində ədalət yoxdur, dəbdəbəli bank binaları var, amma bank sektoru iflic durumdadır».

Google+ WhatsApp ok.ru