Dərslərin 1 sentyabrda başlayıb 25 mayda bitməsinə ekspertlər “hə”, nazirlik “yox” deyir

Bir çox ölkələrdə dərs ili sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşır. Azərbaycanda illər öncə tədris ili bu cür idi. Ancaq bir neçə il əvvəl sentyabr ayı həddən artıq isti keçdiyi üçün dərslərə sentyabrın 15-də başlandı və mayın 31-dək davam etdi. Bu il isə dərs ilinin yekunlaşma müddəti iyunun 14-dək uzadılıb. Bu da ictimai qınağa səbəb olub.

 

Bir çox narazı valideynlər buna görə təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət edərək dərs ilinin sentyabrın 1-i başlayıb mayın 25-də yekunlaşmasını xahiş edib. Bunun üçün də petisiya və imzatoplama kampaniyası başlayıb. Bəs dərs ilinin təzədən sentyabrın 1-də başlayıb iyunun 14-nə kimi uzadılmasının hansısa pedaqoji faydası varmı?

 

Təhsil Şurasının sədri Əjdər Ağayev tədris ilinin sentyabrın 1-i başlayıb mayın sonunda yekunlaşmasını daha məqbul saydığını dedi: “Sentyabrın 1-də dərs ilinin başlanması çoxillik təcrübə nəticəsində təsdiqlənmişdi. Yəni 1 il, 5 il yox, illərin təcrübəsi nəticəsində olmuşdu. Dərs ilinin başlanması və qurtarması məsələsi həm də maneroloji münasibətlərlə, yəni hava ilə müəyyən olunur, insanın fizioloji davranışı, sağlamlığı ilə həll olunur. Fizioloji göstəricilərə görə dərs ilinin sentyabrın 1-dən başlanması və mayın axırına qədər davam etməsi daha önəmlidir. Dərs ili mayın 25-də yox, 30-da yekunlaşa bilər. Bir neçə il bundan əvvəl sentyabr ayında bərk istilər baş verdi. İstilər sentyabrın 1-də də davam etdiyindən, qərara alındı ki, dərs ili sentyabrın 15-də başlasın. Bu, əslində müvəqqəti bir qərar idi. Sonradan nədənsə, müəyyən insanların yay tətilində harasa gəzməyə gedib gec qayıtması ilə əlaqədar onlara şərait yaratmaq üçün görünür, sentyabrın 15-ni məqbul hesab etdilər. Bu mənim şəxsi fikrimdir. Amma bir neçə il keçdikdən sonra bəlli oldu ki, bizim tədris ili müddəti təhsil təcrübəsi zəngin olan xarici inkişaf etmiş ölkələrin müddətindən azdır. Ona görə düşündülər ki, biz gərək bunu uzadaq. Uzadaq ki, tədris müddəti onlara uyğun olsun və tədris ili müddətində keçilən saatların da sayı artsın. Çünki inteqrasiyada, ümumiyyətlə, əməkdaşlıq müqavilələrində xarici təhsil müəssisəsi ilə Azərbaycan təhsil müəssisəsinin uyğunluğunu nəzərə alırıq və xaric də bunu nəzərə alır. Yəni bu məqsəd üçün uzadıldı. Digər tərəfdən, mayın axırına qədər psixoloji cəhətdən artıq oturuşmuş vəziyyətdə idik. Mayın axırından sonra iyunun 14-nə qədər olan müddətdə nə müəllimlər, nə də şagirdlər psixoloji cəhətdən də hazır deyillər. Bu, əzab-əziyyətli bir əməyə çevrilir. Bizim ölkəmiz dünyanın isti qurşağında yerləşir. Məktəblərimizin heç sərinləşdirici imkanları da yoxdur. Bəziləri düşünür ki, xaricdə belə bir imkan varmı? Axı biz niyə xariclə, Avropa ilə müqayisə aparmalıyıq? O ölkələr isti qurşaqda deyil və heç bu sərinləşdiricilərə ehtiyacları da yoxdur. Ekvator sistemində yaşayan digər ölkələrdə isə bu nəzərə alınıb, sərinləşdirici qurğulardan, sulardan, müəyyən texniki vasitələrdən istifadə olunur. Bu da bizdə yoxdur. Belə olan şəraitdə uşaqlarımızın əksəriyyətinin müəyyən xəstəlikləri, narahatlıqları, havanın istiliyi və beynin artıq yorulması uşaqların nəsə qavramasına imkan vermir. Digər tərəfdən də, xüsusən də məzun olacaq uşaqların qəbul imtahanı, buraxılış imtahanları həyəcanı, bunların hamısı basqı yaradır və uşaqlar heç nə öyrənə bilməyəcəklər”.

 

Ə.Ağayev valideynlərin irəli sürdüyü bu təşəbbüslə razı olduğunu və dəstəklədiyini bildirdi: “Kim ki, dərs ilinin sentyabrın 1-i başlayıb mayın sonunda bitməsini istəyirsə, mən onlarla şərikəm. Çünki bunun elmi, pedaqoji, psixoloji əsası var. Ümumiyyətlə isə bu təşəbbüs şəraitimizə də uyğundur. Bu baxımdan elə bilirəm ki, dərs ilinin sentyabrın 1-də başlaması daha faydalı olar. Hətta ötən il iyunun 14-nə qədər dəsrlərin olması qərarı çıxanda belə mən o zaman da fikrimi bildirmişdim və təəccüb etmişdim ki, niyə ənənəni qoyub, isti vaxta qədər dərsləri uzadır. Onda da bildirmişdim ki, əgər iyunun 14-nə qədər dərslər davam edəcəksə, məktəblərimiz ona uyğun qurulmalıdır. Bizim neçə məktəbimiz var ki, qışda istiliyi yoxdur, yayda da sərinliyi. Buna görə də bütün bu faktorlar nəzərə alınmalıdır. Alınarsa, ənənəni bərpa etmək və o təcrübədən istifadə edərək tədris ilimizi qura bilərik. Düşünürəm ki, bunun da hərtərəfli faydası ola bilər”.

 

Xatırladaq ki, Təhsil Nazirliyi valideynlərin dərs ilinin sentyabrın 1-i başlayıb mayın 25-i yekunlaşsın təşəbbüsünə mənfi cavab verib. Nazirliyin açıqlamasına görə, dəyişikliyin əsas məqsədi şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühitinin yaradılması məqsədilə olub. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olurdu.

 

Nazirliyin cavabında o da vurğulanıb ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək.  (musavat.com)

 

 

Google+ WhatsApp ok.ru