Dəniz sahilində balıq üzünə həsrət insanlar

Dəniz sahilində balıq üzünə həsrət insanlar

"Exo" qəzetində isə "Azərbaycanda balıqçılığın inkişafına mane olan ciddi problem" sərlövhəli məqalə yer alıb.
 
Müəllif yazır ki, Azərbaycan Xəzər dənizinin sahilində yerləşsə də, ölkə vətəndaşlarının bir çoxu balıq üzünə həsrətdir: "Durumun belə olması balığın qiymətinin bahalığı ilə bağlıdır. Buna görə də, ölkə əhalisinin çoxunun cibi bu məhsulu almağa imkan vermir. Halbuki, dənizə çıxışa malik ölkə kimi balıq əsas qida məhsullarından biri olmalı idi. Yeri gəlmişkən, bu sahədə yaxın gələcəkdə vəziyyətin dəyişəcəyi görünmür".
 
Ekspert Nəriman Ağayev isə qəzetə deyib ki, balıqçılıq Azərbaycanda perspektivli sahədir. Ancaq ona düzgün yanaşma olmalıdır: "Söhbət balıqçılıq sənayesinin ölkəyə gətirə biləcəyi 10 milyonlardan gedir. Əgər balığın və digər dəniz məhsullarının ixracından söhbət gedirsə, bunun üçün mövcud sanitar normativləri standartlara uyğunlaşdırmaq lazımdır. Bu, sadə məsələ deyil".
 
N.Ağayev hesab edir ki, bu sahənin dirçəlməsindən ötrü özəl balıqçılıq təsərrüfatlarının inkişafına şərait yaradılmalıdır: "Azərbaycanda belə təsərrüfatlar Qəbələdə, Sabirabadda, İmişlidə var. Bu, olduqca perspektivli biznesdir. Sahibkar balıq təsərrüfatını yaratdıqdan 5 il sonra bu sahə gəlir verməyə başlayır. Biznesin başlanğıcı üçün iş adamları üçün o qədər də yüksək olmayan məbləğ-200-300 min manat tələb edilir".
 
Ekspertə görə, bu sahədə problemlərdən biri də balıq xəstəlikləri üzrə mütəxəssislərin olmamasıdır. Onun deməsinə görə, bəzi təsərrüfatlarda balıqlar kütləvi şəkildə xəstələnərək ölüb. Ancaq bunun səbəbi aşkar edilməyib və biznes özü sıradan çıxıb.
 
Müəllif sonda da yazır ki, ölkə vətəndaşları orta hesabla heç ildə 1 kq balıq yemir. /

Google+ WhatsApp ok.ru