Dənizdə boğulmalar artıb - üzə bilmirik, yoxsa...

Dənizdə boğulmalar artıb - üzə bilmirik, yoxsa...

Dənizə girərkən bir neçə bəsit qaydaya riayət etməklə təhlükədən yayınmaq olar
 
İstilər düşən kimi hər kəs dənizə getmək, sərinləmək istəyir. Ancaq təəssüf ki, bəzən sərinləmək istəyi insanın həyatı bahasına başa gəlir. Çünki dənizə gedənlərin əksəriyyəti üzə bilmir. Üzməyi bacardığını zənn edən şəxslər isə bir az dənizə açılan kimi təəssüf ki, boğulurlar.
 
Təsadüfi deyil ki, dəniz mövsümünün yeni başlamasına baxmayaraq artıq neçə-neçə adamın boğularaq öldüyü barədə xəbərlərə rast gəlirik. Məntiqlə baxanda əslində ən yaxşı üzməyi bacaran məhz azərbaycanlılar olmalıdır. Çünki biz Xəzər sahilində, Kür qırağında yaşayırıq. Ancaq təəssüf ki, üzməyi bacarmırıq. Bunun da bir neçə səbəbi var. İlk öncə bu işin əlifbasından başlamaq lazımdır.
 
Paytaxtda kifayət qədər üzgüçülük məkanları var. Ancaq o məkanlara hamı gedə bilirmi? Yox. Çünki qiymətləri əhalinin orta aylıq büdcəsinə uyğun deyil. Bu cür idman mərkəzlərindəki üzgüçülük məkanlarının qiyməti müəllimsiz 50-60 manat arasında dəyişir. Bir evdən iki nəfərin üzgüçülüyə getməsi onlara 100-120 manata başa gələ bilər ki, bu da əhalinin əksər hissəsinin cibinə uyğun deyil. Buna görə də insanların demək olar ki, çoxu üzə bilmir və dənizə girən kimi batır. Ekspertlərə görə, insanlar dənizə girərkən bir neçə bəsit qaydalara riayət etməklə də öz təhlükəsizliklərini təmin edə bilərlər. Məsələn, öncə hava şəraiti nəzərə alınmalıdır. Hava əlverişli deyilsə, küləkli, dumanlıdırsa, dənizə getmək məsləhət görülmür. Çimərliyə getmək üçün gündüz 12:00-16:00 saatlarında, eləcə də axşam saatlarında (görüntü məhdudluğu olduğu zamanlarda) dənizdə çimmək (dəniz sahilində istirahət istisna olmaqla) həyat üçün təhlükəli ola bilər.
 
Hansı qida və içkilərin qəbul edilməsi də önəmli amildir. Belə ki, alkoqollu içkilərin qəbulu yolverilməzdir, yağlı yeməklər məsləhət görülmür. Çimərliyə getməzdən öncə və çimərlikdə mütləq qəbul edilməli dərmanlar varsa, buna da nəzarət olunması məsləhətdir. Üzə bilmirsinizsə, dənizdə çimərkən sahildən çox uzaqlaşmayın. Üzə bilənlərin isə sahilə perpendikulyar deyil, paralel üzmələri tövsiyə olunur. Dənizdə qadağanedici nişanları keçməyin.
Suda boğulan adama ilk tibbi yardım zamanında və doğru göstərilərsə, o şəxsin həyatını xilas etmək mümkündür. Suda boğulan adama öndən arxadan yaxınlaşıb, başının suyun üstündə qalmasına nəzarət etməklə, qollarının altından tutub sahilə üzmək lazımdır. Sahildə dizlərinizi bükərək həmin adamı üzü üstə dizlərinizin üstünə uzatmalı, kürək nahiyəsindən basmalısınız. Unutmayın ki, həmin şəxsin udduğu suyun boşalmasını təmin etmək vacibdir. Lazım olarsa, ürək masajı və süni nəfəs verin.
 
Qeyd edək ki, paytaxtda kifayət qədər çimərliklər olsa da, onların əksəriyyəti pulludur. Pulsuz çimərliklər isə elə hasarlanıb ki, əhalinin istifadəsi üçün kiçik bir ərazisi qalır ki, orada eyni anda yüzlərlə insan girir və üzmək mümkün deyil. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı apardığı sonuncu monitorinqin nəticələrinə görə ölkə ərazisində iki çimərlikdə dəniz suyunda bakterioloji çirklənmə aşkar edilib.
 
Bunu mətbuata açıqlamasında mərkəzin şöbə müdiri Ziyəddin Kazımov deyib: “Araşdırmalar zamanı məlum olub ki, Bakının Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyində bakterioloji çirklənmə aşkar edilib. Mərkəzin qərarı ilə həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib. Digər çimərliklərdə isə vəziyyət normaldır”. Z.Kazımovun sözlərinə görə, Sahil və Şıx çimərlikləri hazırda fəaliyyət göstərir: “Vətəndaşlar həmin çimərliklərdə istirahət edə bilərlər, amma dəniz suyundan istifadə etməməklə”.
 
Təəssüf ki, insanların çoxu dənizə gedib çıxa bilmir. Bunun da səbəbi dənizlərin əksəriyyətinin hasarlanmış olmasıdır. Dənizə tez-tez gedən əməkdaşımız Elşən Balaxanski JEEP maşınının olmasının vacib olduğunu dedi: “Çünki hər yer hasarlanıb və qumluq olan əraziyə adi maşınla daxil olmaq mümkün deyil. Ya piyada uzun yol getməlisiniz, ya da Jeep-lə. Hər yanı hasarlayıb elə vəziyyətə salıblar ki, dəniz kənarına çatmaq mümkün deyil. Abşeron yarımadasının 99 faizi hasardır. O bir faizə də gedib çıxmaq üçün elə yerlərdir ki, orada heç kim olmur, zir-zibillikdir. Avtobus dayanacaqlarındakı çimərliklərdə isə çimmək və üzmək yox ancaq ayaq üstə dayanmaq olur. Çünki o qədər adam olur ki, bu mümkün deyil. Dərinə gedə bilmirsən, mühafizə zolağıdır. FHN işçiləri o dəqiqə qışqırırlar ki, qoyulan zolağı keçməyin. Təsəvvür edin ki, hər iki tərəfi hasar olan bir yerdə, təxminən yarım kilometrlik bir ərazidə birdən birə 1000-2000 nəfər adam olur. Hamısı dayanır ayaq üstə. Çünki kim suya kəllə vurmaq, üzmək istəsə digərinə dəyəcək. O dərəcədə sıxlıq var. Üzməyə yer yoxdur. Əvvəllər dəniz kənarında yaşayanların 90 faizi üzə bilirdi. Bu nəyin hesabına idi? Uşaqlıqdan Balaxanı camaatı piyada gedib üzür öyrənirdilər. İndi Balaxanıdan dənizə gedib çıxmaq olmur. Çünki hər yer hasarlanıb. Piyada getmək üçünsə nə qədər yolu fırlanmalısan. 3-4 kilometr hasar var. Hasarlanan ərazilər başqalarına aiddir. 100 hasarlanmış yerdən onunda nəsə ev tikiblər. 90-ı boşdur. Ümumiyyətlə, 14 ildən bir suyun səviyyəsi qabarır. Sonra geri çəkilir. Su quyusunda su qabaran vaxtı 3 metr yarım su olur. Geri çəkilən vaxtında yarım metrə düşür”. (musavat) /

Google+ WhatsApp ok.ru