Dəm qazı yenə `meydan oxuyur`

Dəm qazı yenə `meydan oxuyur`

-- qış aylarında yol qəzalarından sonra ən çox dəm qazı can alır.

«Yeni Müsavat» qəzetində «Dəm qazı yenə can almağa başladı» sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, havalar soyuyan kimi dəm qazı adlı «ölüm mələyi» yenidən ölkədə insanları səssiz-küysüz həyatdan aparır. Müəllif vurğulayıb ki, qış aylarında yol qəzalarından sonra ən çox dəm qazı can alır.
 
Ekspertlər qəzetə deyiblər ki, belə hallara əsas səbəb qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. «Azəriqaz» İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev isə bunları deyib:
 
«Təbii qazdan istifadə edən abonentlər texniki təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Həm fərdi yaşayış evlərində, həm də binalardakı mənzillərdə tüstü bacalarının işlədiyinə əmin olmaq üçün ən azı ildə iki dəfə onları təmizlətməlidirlər. Təbii qazla işlədilən suqızdırıcı quraşdırılan hamam otaqlarının həcmi 7.5 kubmetrdən, hündürlüyü 2.2 metrdən az olmamalıdır. Bu kimi təhlükəsizlik tələblərinə riayət olunsa, dəm qazından zəhərlənmə baş verməz».
 
«Azəriqaz» İB sözçüsü iddia edib ki, dəm qazından zəhərlənmə bütün növ yanacaq məhsullarının tamam yanmaması üzündən baş verir. Ona görə də qaz sobası alarkən, onun texniki pasportu və sertifikatı ilə tanış olmaq lazımdır.
 
Amma yazıda dəm qazından ölümün səbəbləri ilə bağlı başqa fikirlərin də üzərində dayanılır. Müəllif bildirir ki, dəm qazının daha çox can almasına daha bir səbəb kimi qazın tərkibinin normal olmaması göstərilir.
 
İ.Kərbəlayev isə yenə iddia edib ki, qazın tərkibi dövlət standartına uyğun tənzimlənir və xüsusi laboratoriyalarda yoxlanılır:
 
«Qazın tərkibi təmizdir, içində hər hansı zəhərli bir maddənin olmasından söhbət gedə bilməz».
 
İ.Kərbəlayevin deməsinə görə, sadalanan texniki parametrlərə əməl olunsa, hər hansı bədbəxt hadisənin baş verməsi mümkün deyil.(azadliq.org)
 

Google+ WhatsApp ok.ru