Daha 556 nəfərdə İİV aşkarlandı

Daha 556 nəfərdə İİV aşkarlandı

Dünyada İnsanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayanların sayı 36,7 milyona çatıb. Son 1 ildə bu virusa yoluxanların sayı isə 2,1 milyon olub. QİÇS-dən ölənlərin sayı 1,1 milyon olub ki, onların da 110 mini uşaqlardır.
 
Maide.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlılar, 1,8 milyonu isə 15 yaşından kiçik olan şəxslərdir. “Ötən il Azərbaycanda yeni İİV-ə yoluxma faktı 556 nəfərdə təsdiqlənib. Onlardan 97,3 faizi Azərbaycan vətəndaşı, 2,7 faizi isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64 faizi kişi, 36 faizi qadındır”, -nazirlikdən deyiblər.
 
Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5376 nəfər rəsmi qeydiyyatdadır. Onlardan 72,3 faizi kişi, 27,7 faizi qadındır. QİÇS mərhələsində olanlar 1312 nəfər təşkil edir.
 
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4 faizində heteroseksual, 1,9 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə olub.
 
Mərkəzdə antiretrovirus terapiyayası tətbiq edilir, hazırda buna İİV-lə yaşayan 2538 insan cəlb olunub.
 
Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 105 nəfərdə yoluxma faktı təsdiqlənib.
 

Google+ WhatsApp ok.ru