Daha bir Azərbaycan diplomatı ölkəyə qayıtmaqdan imtina etdi

Xaricdə çalışan daha bir Azərbaycan diplomatı ölkəyə qayıtmaqdan imtina edib.
 
Bu informasiya “Turan”a məlumatlı mənbələrdən daxil olub. Mənbənin sözlərinə görə, həmin diplomat sabiq səfir Arif Məmmədovun vaxtında Azərbaycanın Strasburqdakı diplomatik nümayəndəliyində işləmiş Samir İsmayılovdur.
 
Məlumata görə, Arif Məmmədov bu il mayın 19-da Bakıdakı yaşayış binasında baş vermiş yanğına cavabdeh şəxsləri öz facebook səhifəsində tənqid edəndən və müxalif mövqeyə keçəndən sonra S.İsmayılovu israrla Bakıya çağırmağa başlayıblar.
 
Samir İsmayılov həmin vaxt artıq Azərbaycanın Fransadakı səfirliyində təsərrüfat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışırdı. S.İsmayılov ona rəsmi çağırış göndərməyi tələb edib. Bundan sonra ona təzyiqlər başlayıb. Ardınca Samir İsmayılov Azərbaycana qayıtmaqdan imtina edib.
 
Azərbaycan XİN Samir İsmayılovu xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağırsa da o, Bakıya gəlməkdən imtina edib.
 
“Turan” bu məlumatla bağlı XİN-dən şərh ala bilməyib.
 
Xatırladaq ki, Samir İsmayılov ölkəyə qayıtmaqdan imtina edən 4-cü diplomatdır. /
 

Google+ WhatsApp ok.ru