Daha bir miqrant karvanı ABŞ sərhədlərinə yol alır

Daha bir miqrant karvanı ABŞ sərhədlərinə yol alır

Mərkəzi Amerikadan daha bir miqrant karvanı bazar ertəsi Hondurasdan yola düşüb. Onlar Birləşmiş Ştatlara getmək istəyirlər. Ötən il azı üç karvanlıq minlərlə miqrant eyni marşrutla yola çıxmışdı.
 
“The Associated Press” agentliyi San Pedro Sula şəhərində avtobus dayanacağında, leysan yağışda 600-dək miqrantın yığışdığını bildirir.
 
Qvatemala ilə sərhədə gedən qadınlı-uşaqlı 300-dək adam kiçik avtobuslara doluşub.
 
Təxminən 300 nəfərsə pay-piyada Aqua Kalient sərhəd şəhərinə yollanıb. Agentlik onlardan bir kişinin jurnalistdən çətir istədiyini yazır, o, qızının yağışda xəstələnə biləcəyini deyib.
 
Piyada miqrantlar yerli mağazalarda ərzaq, su istəyiblər.
 
Avtobus dayanacağına gələn adamların sayı isə azalmaq bilmir. Agentlik karvana qoşulanların artacağı ehtimalını vurğulayır.
 
Adını deməyən bir qadın 9 yaşlı qızının zorlandığını, sağlıq problemləri olduğunu deyib. O, çörək sexində işlədiyini, qızını və 13 yaşlı oğlunu Birləşmiş Ştatlara apardığını söyləyib.
 
Deyib ki, ABŞ hakimiyyətindən sığınacaq, yaxud qaçqın statusu istəyəcək, “çünki daha Hondurasda yaşamaq mümkün deyil”.
 
Yeni karvanın gərginliyi artıracağı, həm də Qvatemala və Meksikada ona qoşulanların olacağı qeyd olunur.
 
Ancaq bu karvanın Meksikanın Tijuana şəhərinə gedib-getməyəcəyi bəlli deyil. Noyabrdan bu şəhərdə minlərlə miqrant yaşayır.
 
ABŞ Prezidenti Donald Trump isə Meksikayla sərhədin hasarlanması üçün büdcədən vəsait tələb edir. Konqresdəki demokratlar buna qarşı çıxır və bu mübahisə hökumətin qismən bağlanmasına səbəb olub. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru