Daha bir `Nida`çının prezidentə əfv müraciəti yayıldı

Ş. Novruzlu əfv müraciətində törətdiyi əməldən peşmançılığını ifadə edib

"Nida" Vətəndaş Hərəkatının daha bir üzvü əfv müraciəti ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
 
APA-nın əldə etdiyi məlumata görə, bu, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan “Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzludur.
 
Ş. Novruzlu əfv müraciətində törətdiyi əməldən peşmançılığını ifadə edib. Onun müraciətinin mətninin yaxın dəqiqələrdə yayımlanacağı gözlənilir.
 
Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
 
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, indiyə qədər "Nida" Vətəndaş Hərəkatının daha iki üzvü-Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər.

Google+ WhatsApp ok.ru