Dağıstanda Azərbaycan vətəndaşları üçün çadır düşərgəsində boş yer qalmır

Dağıstanda Azərbaycan vətəndaşları üçün çadır düşərgəsində boş yer qalmır

Ötən gün daha 250 nəfər Azərbaycan vətəndaşı Dağıstanda Qullar yaşayış məntəqəsindəki çadır şəhərciyindən Vətənə gətirilib.
 
Lakin Qullarda hələ də 310 nəfər qalır. Onlardan 250-i çadır düşərgəsində, qalanları isə ondan kənarda yaşayır. Bu barədə Turan-a Moskva vilayətində Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədr müavini Afiq Allahverdiyev bildirib.
 
Onun sözlərinə görə, bu təşkilat bir ay yarımdan üç ayadək düşərgədə olan 130-dan çox adamın siyahısını tərtib edib. Siyahılar Azərbaycan səfirliyinə və Bakıya verilib. Ancaq sonda bu siyahıdan yalnız 15 nəfər çıxarılıb.
 
Onun fikrincə, siyahılar tərəflərin nümayəndələri tərəfindən şəffaf şəkildə hazırlanmır və bu məsələdə də sui-istifadə halları var.
 
A.Allahverdiyevin sözlərinə görə, bütün bunlar düşərgədə qalanlarda narazılıq doğurur. “Orada vəziyyət gərgindir. Adamlarla insan kimi danışmaqdan imtina edirlər. Dünən az qala dava vəziyyətinə çatmışdı. İnsanlar bu siyahıların necə tərtib edildiyini izah etmək istəmirlər. Onlar, sadəcə, kobud şəkildə deyirlər ki, öz növbələrini gözləsinlər.
 
Biz onlara bacardığımız qədər kömək edirik ki, heç olmasa siqaret və sərinləşdirici içkiləri olsun. Orada isti dözülməzdir, nəfəs almaq mümkün deyil”, - A.Allahverdiyev bildirib.
 
O, Rusiyada tək qalan və artıq iki həftədən çoxdur ki, düşərgədə yaşayan 19 yaşlı qızın Azərbaycana buraxılmamasını xüsusilə hiddətləndirici hal adlandırıb.
 
“Dünən onun buraxılmasına çalışdıq, nəticəsi olmadı. Mən üç dəfə Azərbaycan nümayəndələri ilə əlaqə saxladım, amma yenə də qız düşərgədə qaldı”, - Allahverdiyev qeyd edib.
 
Sərhəddin Azərbaycan tərəfində 1200 nəfərlik çadır düşərgəsi yaradılıb və hakimiyyət hamını birdən keçirə bilər. Amma görünür, Qullarda düşərgənin qalması kiməsə sərfəlidir. Azərbaycan dövləti vətəndaşların orada saxlanmasın vəsait ayırır, həmin vəsaitə isə məmurlar sərəncam verirlər.
 
“Düşərgə sakinləri qrupa növbədənkənar daxil olmaq üçün  hər iki tərəfdən məmurların rüşvət almasından danışırlar. Nəzərə alsaq ki, Azərbaycanda çadır düşərgəsində adamların qəbulu üçün yerlər var, bu şayiələr inandırıcı görünür", - o deyib. 

Google+ WhatsApp ok.ru